Koronavirus pandemiyası ilə əlaqədar dünyada xroniki aclıqdan əziyyət çəkən insanların sayı artıb. Artım 130 milyonu ötüb.
"APA-Economics"in məlumatına görə, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiyadakı sözçüsü Vladimir Mixeyev bildirib.
"COVID-19 pandemiyası sözügedən aclığa son qoymaq planlarımızı geriyə atıb. Xroniki aclıqdan əziyyət çəkən insanların sayı 130 milyon artıb. Davamlı İnkişaf Məqsədlərindəki aclığa son qoymaq çağırışını yerinə yetirmək üçün hər il ac insanların sayını 60 milyon azaltmalıyıq. COVID-19-un tədarük, istehsal və məişət zəncirlərini məhv etdiyi, ölkələrin bağlandığı, sərhədlərin bağlı olduğu üçün əmək miqrantlarını cəlb etmək mümkün olmadığı zaman bu, realdırmı? Bütün bunlar böyük bir sual altındadır", - V. Mixeyev deyib.
O həmçinin qeyd edib ki, FAO-nun hesablamalarına görə, dünya okeanlarının plastik çirklənməsini nəzərə almasaq, 2030-cu ilə qədər yalnız yerüstü ekosistemlərin bərpası üçün dünyanın ən azı 200 mlrd. dollara ehtiyacı olacaq.
"Böyük problem – aclığa son qoymaq məqsədinə çatmaqdır. 2050-ci ilə qədər dünya əhalisi təqribən 10 milyarda çatacaq. Bu qədər insanı qidalandırmaq üçün qida istehsalını 50% artırmalıyıq. Kənd təsərrüfatı sahələrinin deqradasiyaya uğraması fonunda bu, nə qədər realdır? Deqradasiyaya məruz qalmış torpaqların ümumi sahəsi 1,2 mlrd. hektar təşkil edir", - deyə Mixeyev qeyd edib.