Parlamentin komitə sədri: Azərbaycanda içməli su ilə təminat 70 faizə çatıb

Parlamentin komitə sədri: Azərbaycanda içməli su ilə təminat 70 faizə çatıb
# 28 fevral 2024 10:22 (UTC +04:00)

Bu gün dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir.

APA xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə təşkilatçılığı ilə keçirilən “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmədə Aqrar siyasət komitəsinin sədri Sadiq Qurbanov deyib.

Onun sözlərinə görə, ölkəmiz də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Kənd təsərrüfatı, su resursları, enerji, meşə, turizm, səhiyyə sektoru və sahilyanı zonaları Azərbaycanda iqlim dəyişikliyinə həssasdır.

Sadiq Qurbanov bildirib ki, 2004-cü ildə Azərbaycanda içməli su ilə təminat 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb: "Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi. Bu gün bu rəqəm təxminən 82 faizə çatıbdır. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi. Bu gün bu rəqəm 63 faizdir. Bütün bunlar uğur göstəriciləridir".

Parlamentin komitə sədri bildirib ki, proqnozlara görə, ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var: “2070-ci ilə qədər isə, həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Belə ki, Kənd Təsərrüfatında 2010-cu ildə əgər bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm bir milyon 700 min hektara çatıb. Başqa sözlə desək, suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir”.

Sadiq Qurbanov diqqətə çatdırıb ki, lakin bütün bu görülən işlərlə yanaşı problemlərimiz də az deyil. Su itkiləri hələdə çox yüksək olaraq qalır. Torpaqlarımızın şoranlaşmasında da su itkilərinin xüsusi payı var.

Sadiq Qurbanov qeyd edib ki, ölkə əhalisinin təsərrüfat-içməli su təchizatına nəzarət məqsədi ilə bilavasitə respublikanın 61 şəhər və rayonlarının su təchizatı sistemlərindən götürülmüş və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyasında il ərzində müayinə edilmiş 763 su nümunəsinin 0,7%-i (2022-ci ildə 1,2%) kimyəvi göstəricilərinə, 3,9%-i (2022-ci ildə 7,9%) bakterioloji göstəricilərinə görə, eyni zamanda göstəricilərinə görə 473 (2022-ci ildə 402) su nümunəsinin 33%-i (2022-ci ildə 41,2%) fiziki-kimyəvi və 12%-i (2022-ci ildə 19,6%) bakterioloji göstəricilərinə görə dövlət standartlarının tələblərinə tam cavab verməsə də, müqayisədə böyük irəliləyişə nail olunub.

Parlamentin komitə sədri onu da qeyd edib ki, 2024-cü ildə COP 29 tədbirinə Azərbaycanın ev sahibliyi artıq təsdiq edilib: “Dünya birliyinin bir daha Azərbaycanı bu mötəbər tədbirdə dəstəkləməsinin əsasında ölkəmizin qazandığı nüfuzu və etibarlı tərəfdaş kimi özünü təsdiq etməsi dayanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR