Qobustan rayonunda martın 5-də qasırğa səbəbindən fiziki və hüquqi şəxslərə məxsus 400 hektara yaxın taxıl əkinləri sahəsinə dəyən zərər ilkin olaraq 400 min manat ətrafında qiymətləndirilib.
Aqrar Sığorta Fondundan "APA-Economics"ə verilən məlumata görə, güclü külək və yaranan qum fırtınası rayonun əkin sahələrinə, xüsusilə taxıl zəmilərinə böyük zərər vurub. Hadisə rayondakı çoxsaylı fermer təsərrüfatlarını əhatə edib.
Baş verən hadisə qanunda nəzərdə tutulan prosedurlara uyğun araşdırılacaq, fermerlərə dəyən zərər müəyyən ediləcək və ona uyğun olaraq ödənişlərin edilməsi nəzərdə tutulur.
Qarşıdakı günlərdə müstəqil aqrar sığorta ekspertləri tərəfindən hadisədən zərər dəyən ərazilərdə araşdırma və zərərin qiymətləndirilməsi işləri aparılacaq. İşlər başa çatdıqdan sonra dəyən zərərlərin qarşılanması üçün qanunvericiliyə uyğun addımlar atılacaq.