Rusiya hökuməti cari ilin iyunun 30-dək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə taxıl ixracına, avqustun 31-dək isə Aİİ-dən kənar şəkər ixracına müvəqqəti qadağa qoyub.
"APA-Economics" xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətinin məlumatında deyilir.
"Rusiya Avrasiya İqtisadi İttifaqı ölkələrinə taxıl ixracına, eləcə də üçüncü ölkələrə ağ şəkər və xam qamış şəkərinin ixracına müvəqqəti qadağa tətbiq edir. Bu barədə fərmanı Baş nazir Mixail Mişustin imzalayıb. Taxıl məhdudiyyətləri iyunun 30-dək, şəkər üçün isə 2022-ci il avqustun 31-dək qüvvədə olacaq", - məlumatda deyilir.
Taxıl qadağası buğda və meslin, çovdar, arpa və qarğıdalıya şamil edilir.
"Qərar daxili ərzaq bazarını xarici məhdudiyyətlər qarşısında qorumaq üçün qəbul edilib", - məlumatda bildirilir.
Həmçinin qeyd olunur ki, şəkər və taxıl ixracı üçün bir sıra istisnalar nəzərdə tutulub. "Belə ki, bu məhsulların Rusiyadan kənarda tədarükü, o cümlədən humanitar yardımın göstərilməsi üçün, eləcə də beynəlxalq tranzit daşımaları çərçivəsində mümkün olacaq", - məlumatda deyilir.
Hökumətin açıqlaması qadağanın hansı tarixdən qüvvəyə minəcəyi barədə məlumat verməyib. Qadağanın martın 15-dən tətbiq olunacağı istisna edilmir.