Bank Of Baku

Şahmar Mövsümov: Kənd təsərrüfatında əsas diqqət hər hektardan daha çox məhsul və daha çox gəlir əldə etməyə yönəlməlidir

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov

© APA | Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov

# 23 iyun 2026 13:03 (UTC +04:00)

“Qarşıdakı dövrdə kənd təsərrüfatında əsas diqqət hər hektardan daha çox məhsul və daha çox gəlir əldə etməyə yönəlməlidir. Dövlət Proqramının əsas məqsədi də fermerlərin məhsuldarlığını artırmaq, xərclərini azaltmaq, bazarlara çıxış imkanlarını genişləndirmək və kənd təsərrüfatını daha gəlirli sahəyə çevirməkdir”.

APA-nın yerli müxbiri xəbər verir ki, bunu “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın müzakirəsi ilə bağlı Qax rayonunda keçirilən regional müşavirədə çıxışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Şahmar Mövsümov qeyd edib ki, Dövlət Proqramının uğuru, ilk növbədə, onun yerlərdə düzgün təşkili, səmərəli icrası və bütün iştirakçıların fəal əməkdaşlığı ilə müəyyən olunacaq: “Qarşıdakı illərdə əldə ediləcək nəticələr hər bir rayonun öz potensialından nə dərəcədə səmərəli istifadə etməsindən, fermerlərin və sahibkarların nə qədər fəal olmasından, dövlət qurumlarının isə üzərlərinə düşən vəzifələri nə dərəcədə operativ və keyfiyyətli yerinə yetirməsindən asılı olacaq.

Nəzərə almalıyıq ki, Dövlət Proqramının icrası üçün müəyyən edilmiş müddət məhduddur və cənab Prezident tərəfindən onun icrasına dərhal başlanılması tapşırılıb. Buna görə də artıq bu gündən etibarən bütün aidiyyəti qurumlar qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində konkret fəaliyyətə başlamalı, rayonlar üzrə prioritet istiqamətləri müəyyən etməli, investisiya layihələrinin hazırlanmasını sürətləndirməli və nəzərdə tutulan tədbirlərin icrasını gündəlik fəaliyyətlərinin mühüm tərkib hissəsinə çevirməlidirlər”.

Onun sözlərinə görə, qarşıya qoyulmuş hədəflərə nail olmaq üçün həm dövlət qurumlarının, həm yerli icra hakimiyyəti orqanlarının, həm də fermerlərin, sahibkarların və investorların fəal iştirakı və koordinasiyalı fəaliyyəti həlledici əhəmiyyət daşıyır və bu sahədə əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının üzərinə düşür: “İcra hakimiyyəti hakimiyyətinin başçıları Dövlət Proqramı əsasında aidiyyəti qurumların nümayəndələri ilə birgə aqrar bölmədə əsas istiqamətlər üzrə hədəf göstəricilərini və nəticə indikatorlarını müəyyən edərək hər bir rayonun 2026-2030-cu illər üçün sosial-iqtisadi inkişaf proqramının hazırlanmasını təmin etməli, yerlərdə sahibkarlığın və yerli istehsalçıların dəstəklənməsi, emal müəssisələrinin, silo və soyuducu anbarların yaradılması, müasir suvarma sistemlərinin tətbiqinin genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının istehsalı, xüsusən pambıqçılıq və taxılçılıq sahələrində məhsuldarlığın artırılması ilə bağlı nəzərdə tutulan hədəflərə çatmaq ucun zəruri olan bütün tədbirləri görməli, yerli imkanlardan istifadə etməklə Dövlət Proqramının fermerlər və sahibkarlar arasında təbliğini gündəlik vəzifələrinə çevirməli, bu işin əsas təşkilatçıları kimi çıxış etməli, dövrün tələblərinə uyğun sistemli və kompleks tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər. Təbliğatın əsasında isə cənab Prezidentin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı dayanmalıdır. Şəhər, rayon icra hakimiyyətlərinin hər bir işçisi, o cümlədən icra başçılarının yerlərdəki nümayəndələri bu çıxışı dərindən öyrənməli və aparılan təbliğat işlərində məhz ona söykənməli, bütün imkanlarını səfərbər etməklə sahibkar və fermerlərin cənab Prezidentin çağırışına qoşulmaları üçün lazım olan bütün tədbirləri görməlidirlər.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Dövlət Proqramının icrası ilə əlaqədar təşkilatı işlərin həyata keçirilməsində əsas məsuliyyət yerli icra hakimiyyəti orqanlarının və bu struktura daxil olan bütün qurumların üzərinə düşür”.

Prezident İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə özəl sektorun rolunu xüsusi vurğulayaraq investorları ölkəyə idxal olunan məhsulların istehsalının artırılmasına daha fəal qoşulmağa çağırdığını xatırladan Şahmar Mövsümov bu çağırışın təsadüfi olmadığını diqqətə çatdırıb: “Çünki ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixracın artırılması və kənd təsərrüfatında dayanıqlı inkişafın təmini dövlət və özəl sektorun birgə fəaliyyəti olmadan mümkün deyil.

Hesab edirik ki, bu sahədə fəaliyyət göstərən hər bir sahibkar və fermer cənab Prezidentin çağırışını öz fəaliyyət istiqaməti kimi qəbul etməli, ölkəyə idxal olunan məhsulların yerli istehsalının artırılmasına və özünütəminetmə səviyyəsinin yüksəldilməsinə öz töhfəsini verməlidir.

Dövlət Proqramında nəzərdə tutulan hədəflərə nail olunması yalnız dövlət dəstəyi hesabına deyil, fermerlərin, aqroparkların, emal müəssisələrinin, logistika şirkətlərinin, texnologiya və suvarma həlləri təqdim edən özəl sektor subyektlərinin fəal iştirakı hesabına mümkün olacaq.

Qarşıdakı dövrdə özəl sektor yalnız istehsalçı kimi deyil, aqrar dəyər zəncirinin əsas hərəkətverici qüvvəsi kimi çıxış etməlidir. İstehsal, emal, saxlama, logistika, marketinq və ixrac prosesləri bir-biri ilə sıx əlaqələndirilməli, istehsal olunan məhsulun maksimum iqtisadi dəyərə çevrilməsi təmin edilməlidir. Məhz bu yanaşma yüksək gəlirli, daha məhsuldar və güclü ixrac potensialı olan kənd təsərrüfatı formalaşdıracaq.

Bu gün burada səsləndirilən fikir bir daha göstərdi ki, regionlarda geniş imkanlar mövcuddur və sahibkarlarımız cənab Prezident tərəfindən müəyyən edilmiş hədəflərin həyata keçirilməsində fəal iştirak etməyə hazırdırlar. İnanırıq ki, dövlət dəstəyi mexanizmlərindən, yaradılmış infrastrukturdan və mövcud imkanlardan səmərəli istifadə etməklə qarşıya qoyulan bütün göstəricilərə nail olmaq mümkündür.

Beləliklə, müşavirənin gündəliyinə daxil edilmiş məsələlər üzrə müzakirələri bitirmiş oluruq. Hesab edirəm ki, bugünkü görüş Dövlət Proqramının məqsəd və vəzifələrinin daha dərindən izah edilməsinə, dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə, eləcə də qarşıdakı dövr üçün ümumi fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə mühüm töhfə verdi.

Bu gün səsləndirilən bütün rəy, təklif və qeydlər ümumiləşdirilərək aidiyyəti dövlət qurumlarına təqdim ediləcək, iqtisadi rayonlar üzrə keçirilən müşavirələrin nəticələri əsasında ümumiləşdirilmiş təkliflər paketi hazırlanacaq və Dövlət Proqramının icrası prosesində nəzərə alınacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR