Bank Of Baku

Ağdaş fermerləri kombayn çatışmazlığından şikayət edirlər

Ağdaş fermerləri kombayn çatışmazlığından şikayət edirlər
# 24 iyun 2013 13:32 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunun bir neçə kəndində fermerlər tarladakı məhsullarını vaxtında toplaya bilmirlər. APA-nın məlumatına görə, buna səbəb təkcə texnika çatışmazlığı deyil, həm də əlverişsiz hava şəraitidir.

 

Ağdaş rayonunda kəndli fermerlər kombayn çatışmazlığından əziyyət çəkir. Zəmilərdə məhsul yetişsə də, biçin aparmaq üçün texnika yoxdur. Rayonun elə kəndi var ki, orada nəinki buğda, hətta arpa biçininə başlanılmayıb.

 

Rayonun Qaradağlı kəndinin fermerləri Bağır Bağırov, Tanrıverdi Bağırov və Vaqif Əliyev APA-ya müsahibəsində onlara məxsus 11 hektar arpa sahəsində hələ biçinə başlanılmadığını bildiriblər. Onların sözlərinə görə, təxminən 100 hektar taxıl sahəsi olan Qaradağlı kəndində bir ədəd belə kombayn yoxdur. Bu günədək kənddəki taxıl sahələrinin cəmi 20%-i biçilib. Hazırda kənddə kombayn olmadığı üçün taxıl sahələri məhv olur. Torpaq istifadəçiləri deyir ki, iyunun 15-dək arpanın biçini başa çatdırılmalı idi. Biçin gecikdiyi üçün, arpa sahəsini yabanı otlar basıb, son günlər yağan yağışlar isə yetişmiş məhsulu məhv edib.

 

«Aqrolizinq» ASC-nin Ağdaş aqroservis filialının rəhbəri Məzahir Mustafayev kəndliləri narahat olmağa çağırıb. O, APA-ya tərtib olunan plana uyğun olaraq mərhələli şəkildə bütün kəndlərdə taxıl biçininin aparılacağını bildirib. Onun sözlərinə görə, bu il rayonda 16 275 hektar sahədə taxıl əkilib. Rayonda texnika probleminin olmadığını deyən M.Mustafayev iyunun 2-də tarlalarda biçinə başladıqlarını və bu günədək demək olar ki, 10 gün ərzində yağan yağışlarla əlaqədar taxılı biçməyin mümkün olmadığını deyib. «Cəmi 12 gündür ki, hava şəraiti taxıl biçinini normal şəkildə həyata keçirməyə imkan verib və qısa vaxtda 14 200 hektar sahədən məhsul toplanılıb. Ağdaşda biçin kampaniyasına rayonun aqroservis filialından 6 ədəd, özəl təsərrüfatlardan 17 ədəd kombayn cəlb edilib. Bundan əlavə, Ağdaşda taxıl biçininə Qəbələ, Oğuz, Qax, Tovuz, Şəmkir, Ağstafa, Gədəbəy və Şəkidən 55 kombayn cəlb edilib. Bütün imkanlar səfərbər edilib və yağış imkan versə, iyunun 28-dək kəndlərdə qalan 2 min hektar taxıl sahəsi də biçiləcək. Hazırda rayonun 12 kəndində taxıl biçini həyata keçirilir və yaxın günlərdə Qaradağlı, Qəribli, Güvəkənd və Binələr kəndlərinə də kombayn göndəriləcək».

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR