Ucar. Zahid Abışov - APA. Aran bölgəsində mal-qara arasında kütləvi xəstəlik yayılıb. APA-nın yerli bürosunun məlumatına görə, Ucar, Göyçay və Zərdab rayonlarında yayılan xəstəlik nəticəsində iri buynuzlu heyvanlar arasında ölüm faktı da qeydə alınıb. Heyvan sahibləri deyirlər ki, xəstəliyə yoluxan iri buynuzlu heyvan əvvəlcə normal qidalanmır, sonra isə arxa ayaqları tutulur, ağzından su axır və bədən hərarəti yüksəlir.
Ucar rayon Baytarlıq İdarəsinin müdiri Xaləddin Əsgərov APA-ya bildirib ki, bu xəstəlik iri buynuzlu heyvanlar arasında yayılsa da, heç bir qorxulu infeksiya yoxdur. Əgər vətəndaş heyvanda xəstəliyin hər hansı əlamətini hiss edərsə, təcili olaraq yerli baytar həkimlərə müraciət etsə, 2 gün müddətində heyvan müalicə olunaraq tamamilə sağalır. X. Əsgərov xəstəliyin bölgədə yağan yağışdan sonra əsasən rayonun Şalıq və Lək kəndlərində yayıldığını söyləyib. Belə ki, bu günə kimi Şalıq kəndində 100-dən artıq, Lək kəndində isə 40-a qədər iribuynuzlu heyvan bu xəstəliyə yoluxub. X. Əsgərovun sözlərinə görə, bu xəstəlik bütün aran bölgəsində müşahidə olunur.