Bakı. Aynur Əliyeva – APA-Economics. «Azersun Holding» istehsal etdiyi «Royal Omega 3» qarğıdalı yağı ilə sentyabrın 3-5-də Yekaterinburq şəhərində (Rusiya) keçiriləcək Beynəlxalq Kulinariya festivalında iştirak edəcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Milli Kulinariya Assosiasiyasından verilən məlumatda bildirilib.
«Bu dəfə məhz «Royal» yağlarına üstünlüyün verilməsi yağın xüsusiyyətləri ilə bağlıdır. Belə ki, «Royal Omega 3» ilə hazırlanan yeməklər mərkəzi sinir sisteminin dayanaqlılığını artırır, vücud və zehni inkişafı qüvvətləndirir. Digər vacib məqam ondan ibarətdir ki, bu yağ həm qazan xörəklərində, həm qızartmalarda, həm də bütün salatlarda əvəzolunmazdır. Biz qələbə ilə dönəcəyimizə əminik», - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, təkcə 2013-ci il ərzində Azərbaycanın milli kulinariya komandası Rusiya və Türkiyədə keçirilmiş müxtəlif beynəlxalq kulinariya yarışlarında iştirak edib. Orada yeməklərin hazırlanmasında «Azersun Holding»in «Super Sun» yağlarından istifadə edib və hər bir səfərdən qələbə ilə geri dönüb.