Bakı – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə «Beynəlxalq Yaşıl Həftə» sərgisində və kənd təsərrüfatı nazirlərinin V Berlin Sammitində iştirak etmək məqsədi ilə Berlində (Almaniya) səfərdədir.
Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində İ.Abasov «Yaşıl Həftə» sərgisinin açılış mərasimində iştirak edəcək, Azərbaycanın ölkə pavilyonu ilə tanış olacaq, həmçinin Azərbaycanın Almaniyadakı səfirliyində təşkil ediləcək aqrar forumda iştirak edəcək.
Nazirin Almaniyanın kənd təsərrüfatı naziri xanım İlze Ayqnerlə, «Yaşıl Həftə» layihəsinin rəhbəri Lars Yegerlə, Estoniyanın kənd təsərrüfatı naziri Helir Valdor Seederlə və digər görüşləri nəzərdə tutulur.
Səfər müddətində Litvanın kənd təsərrüfatı naziri Viqiliyus Juknanın dəvəti ilə Litvanın stendində təşkil edilən qəbulda nazirliklərarası əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanacaq. Nazir İsmət Abasov Azərbaycan səfirliyində 20 Yanvar ümumxalq hüzn günü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edəcək.