Bank Of Baku

Azərbaycan Berlində keçirilən «Beynəlxalq Yaşıl Həftə - 2013» sərgisində iştirak edir

Azərbaycan Berlində keçirilən «Beynəlxalq Yaşıl Həftə - 2013» sərgisində iştirak edir
# 18 yanvar 2013 11:56 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Berlində (Almaniya) qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi «Beynəlxalq Yaşıl Həftə - 2013» («International Green Week – 2013») sərgisi işə başlayıb.

 

«APA-Economics»in məlumatına görə, bu il Azərbaycanın 6-cı dəfə iştirak etdiyi sərgidə ölkə 30-a yaxın şirkətlə təmsil olunub.

 

Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov «Yaşıl Həftə» sərgisinin açılış mərasimində iştirak edib, Azərbaycanın ölkə pavilyonu ilə tanış olub. Həmçinin nazir Azərbaycanın Almaniyadakı səfirliyində təşkil ediləcək aqrar forumda iştirak edəcək.

 

İ.Abasovun Almaniyanın kənd təsərrüfatı naziri xanım İlze Ayqnerlə, «Yaşıl Həftə» layihəsinin rəhbəri Lars Yegerlə, Estoniyanın kənd təsərrüfatı naziri Helir Valdor Seederlə və digər görüşləri nəzərdə tutulur.

 

Səfər müddətində Litvanın kənd təsərrüfatı naziri Viqiliyus Juknanın dəvəti ilə Litvanın stendində təşkil edilən qəbulda nazirliklərarası əməkdaşlıq haqqında beynəlxalq saziş imzalanacaq. Nazir İ.Abasov Azərbaycan səfirliyində 20 Yanvar - ümumxalq hüzn günü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edəcək.

 

Bununla yanaşı, Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə sərginin Azərbaycan pavilyonunda ölkədə istehsal olunan 250-yə yaxın çeşiddə müxtəlif kənd təsərrüfatı və yeyinti məhsulları nümayiş etdiriləcək. Bundan başqa, sərgi iştirakçılarına Azərbaycan haqqında müxtəlif çap materialları, jurnallar, broşurlar və disklər paylanacaq.

 

Yanvarın 27-dək davam edəcək «Beynəlxalq Yaşıl Həftə - 2013» sərgisi çərçivəsində müxtəlif təqdimatların keçirilməsi də nəzərdə tutulur. Tədbir zamanı alman və Azərbaycan iş adamlarının iştirakı ilə ölkənin biznes və investisiya imkanlarına dair təqdimat keçiriləcək.

 

Qeyd edək ki, Avropanın ən iri sərgisi hesab olunan «Beynəlxalq Yaşıl Həftə» 1926-cı ildən etibarən keçirilir. Hər il 70 ölkədən 1 500-dən çox müəssisənin və 5 minədək media nümayəndəsinin iştirak etdiyi sərgi 500 mindən artıq insan tərəfindən ziyarət olunur.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR