Bank Of Baku

Azərbaycan ECO-nun inkişafına bundan sonra da dəstək verəcək

Azərbaycan ECO-nun inkişafına bundan sonra da dəstək verəcək
# 15 noyabr 2012 14:19 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan bütün dövrlərdə ECO təşkilatının fəaliyyətinə böyük önəm verib və növbəti illərdə də təşkilatın sədri kimi qurumun daha da inkişaf etməsi üçün əlindən gedəni edəcək. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Antalyada (Türkiyə) ECO (İqtisadi Əməkdaşlıq Təşkilatı) ölkələri kənd təsərrüfatı nazirlərinin V iclasında çıxış edərkən bildirib.

 

Nazir ECO regionu ölkələrinin iqtisadiyyatında kənd təsərrüfatının önəmli yer tutduğunu, son 4 ildə təşkilatın bir sıra yeni qurumları, o cümlədən ECO Baytarlıq Komissiyası, ECO Regional Əlaqələndirmə Mərkəzi, İslamabadda Sudan Səmərəli İstifadə Mərkəzi, ECO Toxum Assosiasiyasının yaradıldığını qeyd edib.

 

Azərbaycanda kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində hökumət tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verən nazir bildirib ki, Azərbaycanda kənd təsərrüfatı sahəsinin hazırkı inkişaf konsepsiyası 2008-2015-ci illəri əhatə edən əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramında əksini tapıb: «Proqramda nəzərdə tutulmuş ortamüddətli hədəflərə çatmaq, kənd təsərrüfatı sahəsində özəl sektora dəstək məqsədilə dövlət tərəfindən çoxşahəli tədbirlər həyata keçirilir».

 

Nazir inkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrin təcrübəsinə əsaslanaraq Azərbaycanda dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına subsidiyalar formasında birbaşa dəstəyin, vergi güzəştləri, güzəştli kreditlər formasında isə dolayı yolla dəstəyin göstərildiyini qeyd edib. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanda son illərdə bu sahədə dinamik inkişaf baş verib. Bu ilin ilk 9 ayı ərzində kənd təsərrüfatı sahəsində 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,3% artım olub.

 

Nazir öz çıxışında ECO ölkələri ilə ticarət dövriyyəsinə toxunaraq, 2011-ci ildə bu ticarət dövriyyəsinin 38%, 2012-ci ilin 9 ayında 20% artdığını və təşkilata üzv olan ölkələrlə çox səmərəli iqtisadi əlaqələrin olduğunu söyləyib. İ.Abasov milli səviyyədə həyata keçirilən tədbirlərin nə qədər effektiv olsa da, ECO regionunda kənd təsərrüfatının inkişafının və ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə regional səviyyədə səylərin artırılmasının və konkret regional layihələrin üzərində işlənilməsinin vacib olduğunu vurğulayıb.

 

İ.Abasov ECO-nun Regional ərzaq təhlükəsizliyi Proqramının həyata keçirilməsi üzrə səylərin artırılmasının zəruriliyini bildirib.

 

Nazir qeyd edib ki, ərzaq məhsullarının davamlı istehsalı, ərzaq təhlükəsizliyinin yerli, milli, regional və qlobal səviyyələrdə təmin edilməsinə nail olmaq məqsədilə hökumətlərlə vətəndaş cəmiyyəti və özəl sektor arasında dialoq genişləndirilməli, beynəlxalq təşkilatlar, o cümlədən ECO ilə əlaqələndirmə gücləndirilməlidir: «Yalnız bu yolla XXI əsrin çağırışlarına effektiv cavab verə, ərzaq məhsullarının dayanıqlı istehsalına nail ola bilərik».

 

İclasın sonunda Antalya Bəyannaməsi qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR