Bakı. Aynur Əliyeva – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 259,4 min ton diri çəkidə ət, 1 080,5 min ton süd, 798,6 mln. ədəd yumurta, 15,4 min ton yun istehsal olunub. Keçən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3%, süd - 7,2%, yumurta - 14,1%, yun istehsalı isə 4% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin altı ayında isə ölkədə 51 959 baş inək, camış və düyələr süni mayalandırılıb.
«Bu ilin yanvar-iyul aylarında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3 096,3 mln. manat olub və keçən ilin müvafiq dövrü ilə müqayisədə sabit qiymətlərlə 4,8%, o cümlədən bitkiçilik üzrə 4,3%, heyvandarlıq üzrə isə 5,2% artıb», - deyə Komitəndən bildirilib.
Qeyd edək ki, 2013-cü ilin yanvar-iyul aylarında «Aqrolizinq» ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 19,8 mln. manat dəyərində 372 müxtəlif növ traktor, 268 kotan, 71 taxılyığan kombayn, 38 çiləyici və tozlayıcı maşınlar, 33 səpici aqreqat, 30 otbiçən, 24 gübrəsəpən maşın, 18 taxıl-toxum təmizləyənlər, 16 bağarası frez, 15 traktor yedəkləri (qoşqular), 11 ot dırmıqları və 49 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları verilib.