Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 4 763,7 mln. manat olub. Onun sabit qiymətlərlə dəyəri 2011-ci ildəkinə nisbətən 5,8%, o cümlədən bitkiçilik məhsulları üzrə 5,8%, heyvandarlıq məhsulları üzrə isə 5,9% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2012-ci ildə ölkədə qarğıdalı da nəzərə alınmaqla 1 030,8 min hektar sahədən, hər hektardan orta hesabla 27,2 sentner olmaqla, ilkin çəkidə 2 802,3 min ton taxıl məhsulu toplanıb. Əvvəlki ilə nisbətən taxıl istehsalı 14% və ya 343,8 min ton artıb.
«Dənli və dənli paxlalıların tərkibində payızlıq və yazlıq buğda əsas yer tutur. Belə ki, istehsal olunmuş taxıl məhsulunun 65,9%-ni və ya 1 847,4 min tonunu buğda təşkil edib. Taxılın 6,5%-i və ya 181,9 min tonu isə qarğıdalının payına düşüb», - deyə Komitədən bildirilib.
Bununla yanaşı, hesabat ilində ölkədə xam pambığın istehsalı 56,8 min ton olub və 2011-ci illə müqayisədə 14,4% azalıb. Pambıq istehsalının azalmasına əkin sahəsinin 2011-ci ildəki 42,8 min hektardan 2012-ci ildə 29,2 min hektara qədər azalması təsir göstərib. Əkin sahəsi azalsa da, məhsuldarlıq 15,5 sentnerdən 19,5 sentnerədək yüksəlib.
Tütün istehsalı 2011-ci ilə nisbətən 19,3% artaraq 4,3 min tona çatıb.