Bakı – APA. Füzuli rayonunda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Füzuli soyuducu anbar kompleksinin açılışında iştirak edib.
APA-nın məlumatına görə, dövlət başçısına məlumat verilib ki, kompleks Füzuli rayonunun Əhmədbəyli kəndində ən müasir standartlara cavab verən səviyyədə qurulub.
Ümumi dəyəri 4,5 milyon manat olan kompleksin yaradılması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit verilib. İki hektar ərazidə inşa olunmuş anbar kompleksinin ümumi tutumu 5 min tondur. Kompleksdə Almaniya, İtaliya və Finlandiyadan alınan, havalandırma, nəmləndirmə sistemləri və kompressorlar qurulub, çeşidləmə-qablaşdırma sexi yaradılıb və müasir avadanlıqla təchiz edilib. Soyuducu anbar kompleksində əsasən Füzuli və ətraf rayonlarda məskunlaşmış məcburi köçkünlər tərəfindən istehsal edilən tərəvəz məhsullarının - kartof və soğanın saxlanılması nəzərdə tutulur.
Azərbaycan prezidenti İlham Əliyevə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Yuxarı Qarabağ iqtisadi rayonu üzrə sahibkarlara ödənilən güzəştli kreditlər barədə də məlumat verilib. Fondun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, Yuxarı Qarabağ iqtisadi rayonu üzrə 627 sahibkarlıq subyektinə 16,2 milyon manat, o cümlədən yeni texnologiyalara əsaslanan 5 investisiya layihəsinin maliyyələşdirilməsinə 10,8 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 1600-dək yeni iş yerinin açılmasına imkan yaradacaq.
Prezident İlham Əliyevə yeni işə salınan “Qarabağ Broyler” fabriki barədə də məlumat verilib. Bildirilib ki, fabrik 1994-cü ildə Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi ərazidə - Füzuli rayonunun Qarabağ kəndində yerləşən və yararsız vəziyyətdə olan heyvandarlıq kompleksinin bazasında yaradılıb. Bu layihənin də həyata keçirilməsində dövlətin güzəştli kreditlərindən istifadə olunub. Fabrikin ümumi dəyəri 7,2 milyon manatdır. Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 5 milyon manat güzəştli kredit verilib. Ümumi ərazisi 25 hektar olan fabrikdə 14 quş fermasında yenidənqurma işləri aparılıb, kəsim sexi, tutumu 150 ton olan soyuducu və şoklama kameraları inşa edilib. Fabrikdə ildə 2,1 min ton müxtəlif çeşiddə quş əti məhsulları istehsalı nəzərdə tutulur. İstehsal olunan məhsullar bazara “Qarabağ Broyler” brendi ilə çıxarılacaq. Fabrikdə Füzuli və ətraf rayonlardan 120 nəfər məcburi köçkün yeni iş yeri ilə təmin olunub.