Bakı – APA-Economics. Kənd təsərrüfatı sahəsində Azərbaycanla Almaniya arasındakı əlaqələr və əməkdaşlıq imkanları «Beynəlxalq Yaşıl Həftə - 2013» beynəlxalq sərgisində iştirak etmək məqsədilə Berlində səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov və Almaniya İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyinin dövlət katibi Hans-Yürgen Beerfeltz ilə görüşdə müzakirə edilib.
«APA-Economics»in məlumatına görə, görüşdə dövlət katibi H.Y.Beerfeltz Azərbaycanın son illərdə mütəmadi olaraq sərgidə təmsil olunmasını iki ölkə arasında əməkdaşlığın göstəricisi, həm də Azərbaycanın öz məhsullarının potensial alıcılara və yeni bazarlara təqdim olunması üçün səmərəli vasitə kimi qiymətləndirib.
Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarının ixrac potensialı barədə geniş məlumat verən İ.Abasov bu potensialın reallaşdırılması məqsədilə qeyri-ənənəvi bazarlara çıxışın asanlaşdırılmasında bu sərginin və sərgi çərçivəsində təşkil edilən aqrar forumun xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
İ.Abasovun Almaniya Ərzaq, Kənd Təsərrüfatı və İstehlakçıların Müdafiəsi Nazirliyinin dövlət katibi Gerd Müllerlə görüşündə isə azərbaycanlı tələbələrin Almaniyanın aqrar universitetlərində təhsil almaq imkanları, kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin gücləndirilməsinə həsr olunmuş Tvinninq layihəsi, tərəflər arasında birbaşa təmasların genişləndirilməsi məqsədilə qarşılıqlı səfərlər və ekspert mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Səfər çərçivəsində İ.Abasov Avrasiya İqtisadi Komissiyasının Aqrar-sənayesi siyasəti Departamentinin rəhbəri xanım Nadejda Kotkovetslə görüş keçirib. Görüşdə tərəflər Azərbaycan və Avrasiya İqtisadi Komissiyasına üzv ölkələr – Rusiya, Belarus və Qazaxıstan arasında iqtisadiyyatın digər sahələri ilə yanaşı kənd təsərrüfatı sahəsində də qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib, bu ölkələrlə daha sıx əlaqələrin yaradılmasında adıçəkilən təşkilatın faydalarını müzakirə ediblər.