«APA-Economics»in məlumatına görə, bu barədə Argentinanın kənd təsərrüfatı, heyvandarlıq və balıqçılıq naziri Norberto Yauharın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovla Bakıda keçirilən görüşündə bildirilib.
Argentinalı nazir bildirib ki, son illər Argentina kənd təsərrüfatı sahəsində yüksək sahəli texnologiyaların tətbiqində uğurlar əldə edib: «Azərbaycanla öz təcrübəmizi bölüşə bilərik. İki ölkə arasında 2020-ci ilə qədər müddəti əhatə edən əməkdaşlıq planı hazırlanıb».
N.Yauhar deyib ki, iki ölkə arasında əməkdaşlıq nəticəsində təkcə bu ölkələr üçün deyil, dünyanın başqa ölkələri üçün də məhsul istehsal etmək mümkündür: «Məlum olduğu kimi, növbəti 30 ildə dünya əhalisinin sayı 1 mlrd. nəfər artacaq və insanların ərzağa olan tələbatı da yüksələcək».
«Argentina Azərbaycanla əsasən heyvandarlıq sahəsində əməkdaşlıq edəcək. Xüsusən də ətlik heyvanların Azərbaycanda yetişdirilməsinə kömək etməyə hazırıq. Eyni zamanda, əkinçilik sahəsində yüksək texnologiyaların tətbiqi ilə istehsal olunan məhsulun keyfiyyətini və məhsuldarlığını artırmaq niyyətindəyik. Argentina bu sahədə Azərbaycanda çox iş görə bilər. Bu əməkdaşlığa başlamaq üçün qarşıdakı 2-3 ay ərzində iki ölkənin mütəxəssisləri bir-birinin bu sahədəki təcrübəsini öyrənməlidirlər», - deyə argentinalı nazir vurğulayıb.
İ.Abasov isə öz növbəsində bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün ölkədə yaradılması planlaşdırılan iri fermer təsərrüfatlarından da istifadə olunacaq: «Bu təsərrüfatların birində Azərbaycan Argentina ilə birgə əməkdaşlıq edə bilər».
Nazir qeyd edib ki, heyvandarlıq sahəsində Argentina təcrübəsinin ölkədə tətbiqi üçün həmin heyvanların yem bazası da hazırlanmalıdır və bu sahədə də əməkdaşlıq etmək tələb olunacaq.
İ.Abbasov əlavə edib ki, bu əməkdaşlıq çərçivəsində xüsusi cins mal-qara gətirilə bilər. Amma ilk öncə bunun üçün müəyyən texniki məsələlər həll olunmalıdır. Eləcə də həmin heyvanların ölkədə saxlanılması üçün müvafiq şərait yaradılmalıdır: «Bu zaman həmin heyvanların yemlənməsi, hətta hansı sudan istifadə olunması məsələsi həll edilməlidir. Belə ki, Argentinada mal-qara qarğıdalı ilə yemlənir, eləcə də onların hansı sudan istifadə etməsi də onların məhsuldarlığına təsir edir. Ona görə də heyvandarlıq sahəsində əməkdaşlıq üçün əvvəlcədən iş adamlarının qarşılıqlı səfərləri və müzakirələrin aparılması tələb olunur».