Bank Of Baku

Azərbaycan və Fransa kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycan və Fransa kənd təsərrüfatı sahəsində əməkdaşlığı genişləndirir
# 28 fevral 2013 09:10 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Fransada səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov beynəlxalq kənd təsərrüfatı sərgisi çərçivəsində Burqundiya regionu pavilyonunun açılışında və «Burqundiya günü»ndə iştirak edərək regionun Ali Şurasının prezidenti və regiona daxil olan şəhərlərin merləri ilə görüşlər keçirib.

 

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazir İ.Abasov tanışlıq məqsədilə sərgiyə baxış keçirərək müxtəlif kənd təsərrüfatı və qida məhsulları ilə yaxından tanış olub.

   

Daha sonra İ.Abasov Fransanın kənd təsərrüfatı, qida və meşəçilik naziri Stefan le Foll ilə görüşüb. İ.Abasov iki ölkə arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsi üçün geniş imkanların yarandığını diqqətə çatdırıb.

 

Öz növbəsində S. le Foll iki ölkə arasında kənd təsərrüfatı sahəsində bir çox istiqamətlərdə əməkdaşlıq üçün yaxşı zəmin yarandığını bildirib və aqroekologiya sahəsində əməkdaşlığın qurulmasını təklif edib.

 

Görüş zamanı Fransaya məxsus iribuynuzlu heyvan cinslərinin Azərbaycana idxal edilməsi, kənd təsərrüfatı sahəsində ixtisaslaşan elmi-tədqiqat institutları, Azərbaycan Dövlət Aqrar Universiteti ilə müqabil tərəfin müvafiq təhsil müəssisəsi arasında əməkdaşlıq əlaqələrinin yaradılması və universitetlər arasında anlaşma memorandumunun imzalanması imkanları müzakirə olunub. Nazir İ.Abasov fransalı həmkarını 2013-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək 2-ci Şərab Festivalına dəvət edib. S. le Foll bu görüşün Azərbaycan və Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün yaxşı başlanğıc olduğunu bildirib.

 

Bundan başqa, İ.Abasov Fransanın aqrar elm sahəsində ixtisaslaşan dövlətə məxsus «Franceaqrimer» təşkilatının baş direktoru Fabien Bova ilə görüşüb. Görüşdə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinə daxil olan müxtəlif yönümlü kənd təsərrüfatı tədqiqat institutları ilə «Franceaqrimer» təşkilatı nəzdindəki qurumlar arasında birbaşa əməkdaşlıq əlaqələrinin yaradılması, xüsusilə Azərbaycan Elmi-Tədqiqat Üzümçülük və Şərabçılıq İnstitutu ilə Fransanın Üzüm və Şərab İnstitutu arasında əməkdaşlığa dair niyyət protokolunun hazırlanması və 2013-cü ilin noyabr ayında Azərbaycanda keçirilməsi nəzərdə tutulan 2-ci Şərab Festivalı zamanı imzalanması imkanları müzakirə olunub. Bu kontekstdə Azərbaycanın Beynəlxalq Üzüm və Şərab Təşkilatına üzvlüyünün dəstəklənməsində «Franceaqrimer» tərəfindən səylərin göstərilməsinin vacibliyi qarşı tərəfin diqqətinə çatdırılıb.

 

Xatırladaq ki, İ.Abasov fevralın 24-dən 50-ci kənd təsərrüfatı sərgisində iştirak etmək məqsədilə Fransada səfərdədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR