Bank Of Baku

Azərbaycan və Rumıniya üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edir

Azərbaycan və Rumıniya üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edir
# 06 iyun 2013 07:33 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Rumıniyada səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bir sıra görüşlər keçirib.

 

Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazir İ.Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 2-7-də 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının 11-ci Baş Assambleyasında iştirak etmək məqsədilə Rumıniyada səfərdədir.

 

Səfər çərçivəsində İ.Abasov Rumıniyanın elektron qeydiyyat sistemləri sahəsində ixtisaslaşmış «Siveco» şirkətinin prezidenti xanım İrina Sokol ilə görüşüb. Görüş zamanı şirkət nümayəndələri ilə Azərbaycanın kənd təsərrüfatı sahəsində elektron qeydiyyat sisteminin tətbiqinə dair əvvəllər aparılmış müzakirələrin davamı olaraq, mərhələlər üzrə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb. İ.Abasov kənd təsərrüfatı sahəsində aqrar siyasətin həyata keçirilməsinin və dövlət yardımlarının idarə edilməsinin daha səmərəli və əlaqələndirilmiş şəkildə təşkil edilməsi, fermerlər və təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqənin asanlaşdırılması məqsədilə bu şirkətin təcrübəsinin maraq kəsb etdiyini bildirib. Şirkət nümayəndələri tərəfindən elektron qeydiyyat sistemlərinin tətbiqinə dair təqdimat edilib. İ.Abasov şirkətin iş prinsipləri ilə yaxından tanış olmaq məqsədilə elektron qeydiyyat və nəzarət sistemlərinə baxış keçirib.

 

Bundan başqa, İ.Abasov Rumıniyanın kənd təsərrüfatı və kəndin inkişafı naziri Daniel Kristian ilə görüşüb. Görüş zamanı iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri çərçivəsində aparılmış müzakirələr və imzalanmış sənədlər, o cümlədən 2011-ci ildə imzalanmış «Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Rumıniyanın Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş»dən irəli gələn konkret əməkdaşlıq istiqamətləri müzakirə olunub. Nazir İ.Abasov Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər nəticəsində bu sahədə baş verən dinamik inkişaf barədə öz həmkarına məlumat verib. Hər iki ölkənin üzümçülük və şərabçılıq sahəsində potensialını nəzərə alaraq, bu sahələrdə əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub, İ.Abasov öz həmkarını 2013-cü ilin noyabr ayında Gəncə şəhərində keçiriləcək II Beynəlxalq Üzüm və Şərab Festivalına dəvət edib.

 

Bununla yanaşı, İ.Abasov Rumıniyanın Kənd Təsərrüfatı üzrə Ödəmələr və Müdaxilə Agentliyinin baş direktoru Qeorqe Dorel Benu ilə görüşüb. Görüşdə kənd təsərrüfatı sahəsində qeydiyyat sistemlərinin tətbiqi, dövlət tərəfindən subsidiyaların ayrılması, kənd təsərrüfatı heyvanlarının və təsərrüfatların qeydiyyatı barədə fikir mübadiləsi aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR