Bakı – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Yüksək Vəzifəli Şəxslərinin 4-cü iclası, İƏT-in Regional Ərzaq Təhlükəsizliyi Proqramının icrası üzrə Donorların 2-ci Konfransı və Kənd Təsərrüfatı Nazirlərinin 5-ci iclasında iştirak etmək məqsədilə 2012-ci ilin 12-17 noyabr tarixlərində Türkiyənin Antalya şəhərində səfərdədir.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfər çərçivəsində İ.Abasov Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerlə görüşüb. Görüşdə Azərbaycanla Türkiyə arasında aqrar sahədə qarşılıqlı əlaqələrin vəziyyəti və perspektivlərinin daha da inkişaf etdirilməsi müzakirə edilib.
Nazir İsmət Abasov səmimi görüşə görə minnətdarlığını bildirərək, Türkiyənin aqrar sahədə inkişafından daim qürur duyduğunu qeyd edib və aqrar sahədə əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu nəzərə çatdırıb. Nazir toxumçuluq sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi, xüsusilə Azərbaycan-Türkiyə Birgə Toxumçuluq Təsərrüfatının genişləndirilərək nümunəvi bir təsərrüfata çevrilməsini məqsədəuyğun hesab edib. Bildirib ki, ölkədə prezident İlham Əliyevin tapşırığına əsasən 50-dən artıq iri taxılçılıq fermer təsərrüfatlarının yaradılması nəzərdə tutulmuş və bu işlərə artıq start verilib. Bu proseslərdə Türkiyə Respublikasının şirkətlərinin də iştirakının vacibliyini vurğulayaraq, bunun üçün bütün imkanların mövcudluğunu diqqətə çatdırıb.
Türkiyənin ərzaq, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Eker Azərbaycan-Türkiyə əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük potensial imkanların olduğunu və bu inkişafa daim dəstək verməyə hazır olduğunu bildirərək, iki ölkə arasında kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlığın digər sahələrini təmsil edən nazirliklər üçün örnək olacağına əminliyini bildirib.
Səfər çərçivəsində nazir İsmət Abasovun İƏT-in digər üzv ölkələrinin kənd təsərrüfatı nazirləri ilə də görüşləri nəzərdə tutulur.