Bank Of Baku

Azərbaycan yaxın vaxtlarda Estoniya və Latviya ilə kənd təsərrüfatı sahəsində yeni sazişlər imzalamağa hazırlaşır

Azərbaycan yaxın vaxtlarda Estoniya və Latviya ilə kənd təsərrüfatı sahəsində yeni sazişlər imzalamağa hazırlaşır
# 22 yanvar 2013 08:46 (UTC +04:00)

 

Bakı. Nicat Mustafayev – APA-Economics. Berlində (Almaniya) səfərdə olan Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov bir sıra işgüzar görüşlər keçirib.

 

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, nazir İ.Abasov Estoniyanın kənd təsərrüfatı naziri Helir Valdor Seederlə görüşüb. Görüşdə H.V.Seederin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə Regional Konfransında iştirak etmək məqsədilə 2012-ci ilin aprel ayında Azərbaycana səfəri zamanı aparılmış müzakirələrdən ötən dövr ərzində kənd təsərrüfatı sahəsində əməkdaşlığın gücləndirilməsi üzrə görülmüş işlər müzakirə olunub və bu kontekstdə nazir İ.Abasov baytarlıq, fitosanitariya və elmi-texniki əməkdaşlıq haqqında saziş layihələrinin hazırlanaraq Estoniya tərəfinə təqdim edildiyini bildirib. Eyni zamanda, estoniyalı nazir İ.Abasovu 2013-cü ilin aprel ayında Estoniyanın Tartu şəhərində keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edib və sərgi çərçivəsində sazişlərin imzalanmasını təklif edib.

 

Həmçinin, İ.Abasov Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Strauyuma ilə də görüşüb. Görüşdə 2012-ci ilin iyun ayında Bakıda hər iki ölkənin kənd təsərrüfatı nazirləri tərəfindən imzalanmış «Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi və Latviya Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu»nda öz əksini tapmış əməkdaşlıq istiqamətlərinin səmərəli şəkildə həyata keçirilməsi üzrə konkret addımlar və əməkdaşlıq mexanizmləri müzakirə olunub. Tərəflər, iki ölkə arasında bitki və heyvan mənşəli kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini qənaətbəxş hesab etsə də, onun mövcud potensialdan aşağı olduğunu qeyd edərək, ticarət dövriyyəsinin artırılması məqsədilə fitosanitariya və baytarlıq sahələrində sazişlərin imzalanmasının vacibliyini vurğulayıblar.

 

Görüş zamanı həmçinin, dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına göstərilən dəstəyin formaları, o cümlədən Avropa Birliyi tərəfindən üzv ölkələrə verilən subsidiyalar barədə fikir mübadiləsi aparılıb.

 

S.Laimdota nazir İ.Abasovu 2013-cü ilin aprel ayında Riqada keçiriləcək kənd təsərrüfatı sərgisinə dəvət edib.

 

Qeyd edək ki, İ.Abasov ərzaq, kənd təsərrüfatı və bağçılıq üzrə «Beynəlxalq Yaşıl Həftə - 2013» sərgisində («Green Week - 2013») iştirak etmək məqsədilə Berlində rəsmi səfərdədir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR