Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-may ayları ərzində ötən illə müqayisədə Azərbaycanda 5,2% çox kənd təsərrüfatı məhsulları istehsal olunub.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, aqrar bölmədə yaz tarla işləri başa çatmaq üzrədir. İyun ayının 1-dək ölkədə 349,6 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb, 30,6 min hektar sahədə dənli və dənli paxlalılar, 36,2 min hektar sahədə dən üçün qarğıdalı, 64,6 min hektar sahədə kartof, 74,5 min hektar sahədə tərəvəz, 23 min hektar sahədə pambıq, 27,8 min hektar sahədə bostan bitkiləri, 5 min hektar sahədə şəkər çuğunduru, 8,9 min hektar sahədə dən üçün günəbaxan, 1 206 hektar sahədə tütün əkilib.
«Yaz tarla işlərinin aparılması ilə yanaşı kənd əməkçiləri yetişdirdikləri məhsulları toplamağa başlayıblar. İyun ayının 1-nə kimi tarlalardan 57,1 min ton dənli və dənli paxlalılar, 53,5 min ton kartof, 76,8 min ton tərəvəz, 7,9 min ton meyvə və giləmeyvə, 254,5 ton yaşıl çay yarpağı toplanıb», - deyə Komitədən bildirilib.
Bundan başqa, ilin əvvəlindən keçən vaxt ərzində 178,1 min ton diri çəkidə ət, 741,1 min ton süd, 566,8 mln. ədəd yumurta, 13,1 min ton yun istehsal olunub: «Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,8%, süd istehsalı 5,9%, yumurta istehsalı 14,5%, yun istehsalı isə 3,4% artıb».