APA-nın məlumatına görə, Birliyin sədri Paşa Həsənli deyib ki, Qarabağ və Dilboz cinsli atlar Azərbaycanın milli sərvəti olsa da, hazırda Azərbaycanda bu atların nəsli tükənməkdədir: «Bu cinsli atlar Azərbaycan xalqının yetişdirdiyi və bu günə qədər dünyanın məhz Azərbaycana məxsus olduğunu qəbul etdiyi ən qədim cinslərdir. Bunlar dünyada nadir cinslərdəndir. Araşdırmalarımıza görə, əslində Qarabağ cinsi ilk və ən qədim mədəni at cinsidir. Bu gün bunlar faktiki olaraq tükənmək üzrədir. Dilboz cinsindən az sayda qalıb. Qarabağ cinsinin də tipik nümayəndələri demək olar ki, azalıb. Buna səbəb, Qarabağ müharibəsi, ənənəvi otlaq sahələrinin əldən çıxması, ekspert çatışmazlığı və bu sahə ilə məşğul olan aidiyyəti orqanların və cəmiyyətin məsuliyyətsizliyidir. Hər kəs əlindən gələni edərək bu cinsin qorunmasına öz töhfəsini verməlidir».
Bu istiqamətdə qabaqlayıcı tədbirlərin vacibliyini qeyd edən P.Həsənli, atların cinsinin kəsilməsi ilə əlaqədar müvafiq orqanlara müraciət edəcəklərini bildirib: «Avropada Beynəlxalq Qarabağ Atları Cəmiyyəti var. Məqsədimiz bu cəmiyyətin təcrübəsindən yararlanaraq, nəsli kəsilməkdə olan atların artırılmasına nail olmaqdır. Eyni zamanda, bununla əlaqədar dövlət başçısına, Kənd Təsərrüfatı Nazirliyinə, Azərbaycan Atçılıq Federasiyasına müraciət edəcəyik».