Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın «Dəvəçi Broyler» şirkəti halal toyuq əti məhsullarının istehsalına başlayıb. Müəssisənin baş direktoru Zakir Əzimov «APA-Economics»ə bildirib ki, istehsal olunan məhsullar bütün halal standartlarına cavab verir. Hazırda müəssisə Türkiyənin halal standartları ilə çalışır. Bu standartlar Türkiyə Ərzaq və Tələbat Mallarına Nəzarət və Sertifikatlaşdırma üzrə Araşdırma Qurumu (GİMDES) tərəfindən verilir.
Bu standartlara əsasən, müəssisədə toyuq kəsimi ilə məşğul olan qəssablar şəriət qaydaları ilə bağlı təlimatlandırılıb və tələb olunan bütün proseduralara, o cümlədən kəsmə prosesində dua oxunması və s. şərtlərə əməl olunur.
Qeyd edək ki, GİMDES-in qaydalarına əsasən, qurum halal standartları təqdim etdiyi şirkətlərin fəaliyyətinə, yəni halal ərzağın hazırlanmasına onlayn nəzarət edə bilməli, o cümlədən ərzağın hazırlanması prosesini onlayn kameralar vasitəsilə izləyə bilməlidir.
Z.Əzimovun sözlərinə görə, bu qaydalara uyğun olaraq «Dəvəçi Broyler»də də kameralar quraşdırılıb və nəticədə toyuq istehsalı prosesini internet vasitəsilə bütün dünyadan izləmək mümkündür: «Biz bunun üçün bütün şəraiti yaratmışıq ki, istənilən vaxt istənilən ölkədən buna nəzarət edə bilsinlər və görsünlər ki, məhsul necə hazırlanır». Yeri gəlmişkən, kameraların işləməsini təmin etmək üçün müəssisəyə yüksək ötürücülük qabiliyyəti olan optik kabel çəkilib.
Eləcə də istənilən şəxs müəssisəyə gələrək toyuqların kəsilməsi prosesi ilə tanış ola bilər: «Bir şərtlə ki, müəssisəyə girmək üçün yüksək səviyyədə gigiyenik və s. proseduralardan keçsin». Məhsulların üzərində onun halal mal olduğu qeyd edilir.
Yaxın vaxtlarda isə «Dəvəçi Broyler»də Azərbaycanın halal standartları da tətbiq olunacaq: «Bu sahədəki fəaliyyətimizi çalışırıq ki, tələblərə dəqiq cavab verək, ona görə də bu istiqamətdə daim təkmilləşmə gedir».
Z.Əzimov bildirib ki, halal standartın tətbiqində məqsəd həm daxili bazarın tələbatını ödəmək, gələcəkdə isə xarici bazarlara çıxmaqdır: «Xüsusən, müsəlman ölkələrində belə məhsullara tələbat böyükdür. Amma bu, yaxın vaxtlarda gözlənilmir».
Müəssisə rəhbərinin sözlərinə görə, halal məhsullara təkcə müsəlmanlar deyil, qeyri-müsəlmanlar arasında da üstünlük verənlər var. Çünki belə məhsullarda qida təhlükəsizliyi məsələləri ciddi qorunur: «Qida təhlükəsizliyini, məhsulun təmizliyini və saflığını gözləyən insanlar milliyyətindən asılı olmayaraq halal məhsullara üstünlük verirlər».