Artıq bu gün ölkədə nisbətən kiçik tədarükçülər sinfi formalaşır. Daha iri və mütəşəkkil tədarük məntəqələri yerlərdə müxtəlif meyvə və tərəvəz istehsal edən fermerlərin işini xeyli asanlaşdıracaq və istehsalçı ilə son alıcı arasında (istehlakçı və ticarət obyektləri) arasında vasitəçi rolunu oynayacaq. Bu barədə «APA-Economics»ə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, artıq bu prosesin aktivləşdirilməsi və təşkili ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim olunub. «Bu təkliflərin reallaşması istiqamətində işlər gedir. Çünki meyvə-tərəvəz məhsulları istehsal edənlərə satışla da özlərinin məşğul olması sərfəli deyil. Məhz onların işini asanlaşdırmaq məqsədilə bu cür tədarük məntəqələrinin yaradılmasını təklif etmişik. Hazırda bununla bağlı müvafiq dövlət qurumları səviyyəsində müzakirələr aparılır», - deyə Nazirlikdən bildirilib.