Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq at yarışlarına hazırlıqla bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən görülmüş işlər müzakirə olunub. Yarışda iştirak edəcək atların baytarlıq sanitariyası baxımından təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilmiş tədbirlər barədə qarşı tərəfə məlumat verilib. Həmçinin, Azərbaycanda baytarlıq sahəsinin BET-in mütəxəssisləri tərəfindən ilkin qiymətləndirilməsinə dair hesabatda əksini tapmış məsələlər, əldə edilmiş nailiyyətlər və həyata keçirilməli olan işlərin birgə həlli yolları müzakirə edilib. BET-in baş direktoru yarışların keçirilməsi ilə əlaqədar faktiki vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycana təşkilatın ekspertlərindən ibarət missiyanın göndəriləcəyini qeyd edib.
İ.Abasov Azərbaycan və BET arasında əməkdaşlığın gücləndirilməsi, habelə Azərbaycanda keçirilməsi planlaşdırılan beynəlxalq at yarışlarına hazırlıq istiqamətində konkret tədbirləri müzakirə etmək məqsədilə təşkilatın Regional Komissiyasının fəxri prezidenti və Şərqi Avropa üzrə regional nümayəndəsi Nikola Belev ilə də görüş keçirilib. Görüş zamanı at yarışlarına hazırlıqla bağlı müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, atların identifikasiyası prosesinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb. BET rəsmiləri ümumilikdə hazırlıqla bağlı işlərin gedişindən məmnunluğunu bildirməklə yanaşı, yarışların uğurlu keçməsi üçün tövsiyələrini veriblər.