Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasovun sədrliyi ilə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və mühərrik yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə «Aqrolizinq» ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
«APA-Economics»in məlumatına görə, iclasda Azərbaycan prezidentinin «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» 2007-ci il 23 yanvar tarixli sərəncamının icrasına uyğun olaraq «Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalçılarının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları»nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 2007-ci il 15 fevral tarixli qərarının icrası ilə əlaqədar 58 rayon (şəhər) komissiyasının təqdim etdiyi materiallara baxılıb. Müzakirələr nəticəsində 158 485 istehsalçıya 24 890 489,60 manat məbləğində vəsait ödənilməsi barədə qərar qəbul edilib.