Gəncə. Azər Məmmədli – APA. Son bir neçə illə müqayisədə ötən il Azərbaycanda pambıq bitkisinin məhsuldarlığı yüksək olub.
Azərbaycan Elmi Tədqiqat Pambıqçılıq İnstitutunun direktoru Həsənəli Aslanov APA-nın Qərb bürosuna bildirib ki, ötən il ölkədə 29,2 min hektar sahədə pambıq əkilib ki, 57 min ton (hektara 19,5 sentner) pambıq tədarük edilib.
Onun sözlərinə görə, 2011-ci ildə ölkədə pambıq sahələrindən hektara 15,5 sentner məhsul əldə edilib: “Sevindirici haldır ki, pambıq əkən təsərrüfatlarda məhsuldarlığın artımı intensiv yolla gedir. Əgər məhsulun alış qiyməti artarsa, bu sahə daha da inkişaf edəcək”.
Qeyd edək ki, 2009-cu ildə ölkədə 21,1 min hektardan 30 min tona yaxın pambıq tədarük edilib, 2010-cu ildə isə 28,1 min hektar sahədə pambıq əkilib, əldə edilən xam pambıq 35,3 min ton təşkil edib.
Sovetlər dönəmində Azərbaycanda pambıqçılığa geniş yer verilib. Belə ki, 1981-ci ildə 350 min hektar sahədən 1 mln. tona yaxın pambıq tədarük edilib.
Dünya səviyyəsində də pambıqçılığın vəziyyəti acınacaqlıdır. Belə ki, 1998-ci ildə pambıq əkinləri dünya üzrə 34 mln. hektar sahəni əhatə etdiyi halda, 10 il sonra - 2008-ci ildə bu rəqəm 14 mln. hektar təşkil edib.