Tovuz. Azər Məmmədli – APA. “Dənli taxıl bitkilərinin əkini haqqında ilin əvvəlində verdiyimiz proqnozlar özünü doğruldub”. APA-nın Qərb bürosunun verdiyi məlumata görə bu fikri kənd təsərrüfatı naziri İsmət Abbasov qərb bölgəsinə səfəri zamanı bildirib. Onun sözlərinə görə, ilkin proqnoza görə bu il Azərbaycanda 2 milyon 700 min ton taxıl tədarük olunmalı idi ki, hazırkı göstəricilər proqnozun doğru olduğunu sübut edib.
“Taxıl sahələrinin demək olar ki, 95 faizi artıq biçilib. Keçən il 1 milyon 700 ton ərzaq buğdası istehsal edildiyi halda, bu il bu göstərici 100 min ton artaraq 1 milyon 800 min tona çatıb”.
İsmət Abbasovun sözlərinə görə, bu il 60 rayon üçün nəzərdə tutulan subsidiya dövlət komissiyasında baxılıb və maliyyələşdirilmə üçün Maliyyə Nazirliyinə göndərilib. Nazir subsidiya üçün nəzərdə tutulan 54 milyon manat vəsaitin bir milyon hektar əkin sahəsinə ayrıldığını bildirib.
Kənd təsərrüfatı naziri bu il biçin vaxtı kombayn çatışmazlığı məsələsinə də toxunub. O, qeyd edib ki, bu il kombayn qıtlığı hava şəraiti ilə bağlı olub.
“Kombayn qıtlığı respublikada yox idi. Bu il hava şəraitinin qeyri əlverişsiz keçməsi arpa ilə buğdanın eyni vaxta yığılmasına səbəb oldu. Ona görə də kombayn qıtlığı yarandı”.
Nazir bu il 100 kombaynın alındığını və ölkə rəhbərinin sərəncamı ilə ayrılan 15 milyon manat vəsaitə daha 150 kombaynın alınacağını bildirib.