Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev Bakıda səfərdə olan Latviyanın kənd təsərrüfatı naziri xanım Laimdota Straujumanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Latviyanın İqtisadiyyat Nazirliyinin dövlət katibi Juris Puce və digər rəsmi şəxslərlə yanaşı, Latviyanın kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən iş adamları da iştirak edib.
Ş.Mustafayev qonaqları salamlayaraq, Azərbaycan və Latviya arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edib, iki ölkə arasında əlaqələrin qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğunu vurğulayıb. Nazir Azərbaycan iqtisadiyyatı və qazanılmış nailiyyətlər barədə məlumat verərək, ölkədə möhkəm siyasi və makroiqtisadi sabitliyin, dayanıqlı iqtisadi inkişafın təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin yaradıldığını qeyd edib və bildirib ki, Azərbaycanda kənd təsərrüfatı qeyri-neft sektorunun aparıcı sahələrindəndir: «Aqrar sektora sistemli dövlət dəstəyi tədbirləri göstərilir, ölkədə müasir texnologiyalara əsaslanan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı genişlənir, aqrar sektorun infrastruktur təminatı yaxşılaşır, müasir quşçuluq və heyvandarlıq kompleksləri, iri taxılçılıq təsərrüfatları yaradılır, kənd təsərrüfatı sahəsində intensiv metodlar tətbiq edilir. Hazırda rəqabət qabiliyyətli Azərbaycan məhsulları müxtəlif ölkələrə ixrac olunur».
Azərbaycanın aqrar sahədə geniş potensiala malik olduğunu diqqətə çatdıran nazir Ş.Mustafayev bu sahədə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Öz növbəsində L.Straujuman Azərbaycana səfər çərçivəsində keçirdiyi görüşlərin və bu günlərdə keçirilmiş Azərbaycan-Latviya biznes forumunun iki ölkə arasında əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulayıb. Latviyalı nazir iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə də kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.
Görüş çərçivəsində həmçinin Latviyanın heyvandarlıq, şirniyyat istehsalı, tərəvəz emalı, kənd təsərrüfatı avadanlıqlarının istehsalı və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin təmsilçiləri fəaliyyətlərinə dair məlumat veriblər.