Bakı. Ramil Məmmədli - APA. «Sahibkarların müraciətinə əsasən ölkəyə ətlik heyvanlar da gətirilə bilər və bununla bağlı fermerlər tərəfindən müraciətlər daxil olub”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
O bildirib ki, Azərbaycana damazlıq heyvanların idxalına üstünlük verilir. Lakin bəzi sahibkarlar ətlik heyvanların ölkəyə gətirilməsi ilə bağlı öz təkliflərini də açıqlayıblar: “Burada heç bir problem yoxdur. Fransaya işgüzar səfər zamanı ətlik “Şarule” cinsindən olan heyvanlara baxış keçirmişik. Əgər sahibkarlar bu cins heyvanlardan istəsələr və “Aqrolizinq” Səhmdar Cəmiyyəti ilə əvvəlcədən müqavilə bağlasalar, bunun gətirilməsində heç bir problem görmürük”.
Nazir bu prosesin tenderdən sonra həyata keçiriləcəyini də qeyd edib: “Hesab edirəm ki, heyvanların Almaniya və başqa dövlətlərdənsə, Fransadan alınması daha çox məqsədəuyğundur. Bu ölkə ilə iqtisadi əməkdaşlığın genişlənməsi həm də siyasi baxımdan daha səmərəlidir”.