Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 26-31-də keçirilən Beynəlxalq Epizootiya Təşkilatı Nümayəndələrinin Ümumdünya Assambleyasının 81-ci baş sessiyasında iştirak etmək məqsədilə Fransanın paytaxtı Parisdə səfərdədir.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, təşkilatın mayın 26-da keçirilən sessiyasında çıxış edən nazir İsmət Abasov kənd təsərrüfatı heyvanlarının sağlamlığının elmi, iqtisadi və siyasi aspektləri barədə məlumat verərək, bu sahədə Beynəlxalq Epizootiya Təşkilatı tərəfindən Azərbaycana göstərilən dəstəyi və təşkilatla səmərəli əməkdaşlığı yüksək qiymətləndirib. Azərbaycanda həyata keçirilən tədbirlər sayəsində kənd təsərrüfatının müxtəlif sahələrində, o cümlədən baytarlıq sahəsində modernizasiya və islahatlar barədə toplantı iştirakçılarına məlumat verən nazir baytarlıq sahəsinin islahatı üzrə Avropa İttifaqı ilə həyata keçirilən uğurlu əməkdaşlığını qeyd edib.
Nazirin Beynəlxalq Epizootiya Təşkilatının Avropa üzrə Regional Nümayəndəliyinin rəhbəri Kazimiras Lukauskas ilə görüşündə Azərbaycanın öz coğrafi mövqeyinə görə Avropa ilə Asiya arasında strateji mövqedə yerləşməsi və bu səbəbdən öz ərazisinin heyvan xəstəliklərindən qorunması üçün hökumət tərəfindən səylərin dəstəklənməsində təşkilatla sıx əməkdaşlığa olan marağı qeyd edilib. Öz növbəsində qarşı tərəf Azərbaycanla əməkdaşlığın genişləndirilməsi istiqamətində səyləri artıracağını vəd edib.