Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı naziri İFAD rəhbərliyi ilə görüşüb

Azərbaycanın kənd təsərrüfatı naziri İFAD rəhbərliyi ilə görüşüb
# 21 iyun 2013 07:25 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Konfransının 38-ci sessiyasında iştirak etmək məqsədilə İtaliyanın Roma şəhərinə səfəri davam edir.

 

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iyunun 20-də nazir İsmət Abasov Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondun (İFAD) Roma şəhərində yerləşən mənzil-qərargahında təşkilatın Yaxın Şərq, Şimali Afrika və Avropa bölməsinin proqram meneceri Abdelhamid Abduli və həmin bölmənin Azərbaycan üzrə proqram meneceri Frits Yepsenlə görüşüb.

 

Görüşdə İ.Abasov Azərbaycan üzrə ölkə meneceri vəzifəsinə yeni təyin olunması münasibətilə Frits Yepseni təbrik edib və onun qarşıdakı fəaliyyəti dövründə Azərbaycan və İFAD arasında əməkdaşlığın daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib. Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ümumi vəziyyət, prioritetlər və İFAD tərəfindən dəstəyə ehtiyacı olan sahələr barədə fikir mübadiləsi aparılıb.

 

Daha sonra nazir İsmət Abasov İFAD-ın prezidenti cənab Kanayo Nvanze ilə görüş keçirib. Nazir K.Nvanzeni 2-ci dördillik müddətə təşkilatın prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan və İFAD arasında səmərəli tərəfdaşlıq əlaqələrinin qurulmasında cənab K.Nvanzenin səylərinə görə təşəkkürünü bildirib.

 

Prezident Kanayo Nvanze bu il iyun 16-da FAO Konfransının Sessiyasındakı iştirakını xatırladaraq, həmin gün Azərbaycana 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək “aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə vaxtından tez nail olması ilə əlaqədar verilmiş mükafat münasibətilə nazir İsmət Abasovu təbrik edib.

 

İ.Abasov FAO-nun Avropa Regional Konfransının sədri qismində FAO Konfransının 38-ci sessiyasında iştirakı və Avropa regionu üçün müəyyən edilmiş altı prioritet barədə qarşı tərəfə məlumat verib. Nazir Azərbaycanın kənd təsərrüfatının inkişafı, yoxsulluğun azaldılması sahəsindəki nailiyyətlərinin əldə olunmasında Azərbaycan hökuməti ilə İFAD-ın birgə həyata keçirdikləri layihələrin təqdirəlayiq rolu olduğunu bildirib.

 

Görüş zamanı hər iki tərəf Azərbaycanın kənd təsərrüfatı sahəsindəki ehtiyaclarının ödənilməsi məqsədilə İFAD-ın yeni layihələrinin başlanmasını məqsədəuyğun hesab ediblər. Azərbaycanda İFAD layihələrinin səmərəliliyinin daha da artırılması məqsədilə bir sıra digər məsələlər, o cümlədən layihə çərçivəsində bəzi sahələrin genişləndirilməsi yolu ilə layihədən faydalananların sayının artırılması ilə bağlı məsələlər müzakirə olunub.

 

Görüşlərdə Azərbaycanın İtaliyadakı səfirliyinin ikinci katibi, Roma şəhərində yerləşən beynəlxalq təşkilatlar yanında daimi nümayəndənin müavini Fuad Fərzəlibəyov da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR