Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı nazirİ İsmət Abasov Rusiya Federasiyası İnquşetiya Respublikasının hökumətinin sədri Musa Çiliyevi qəbul edib.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi Azərbaycan və İnquşetiya arasında kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin müzakirəsi olub.
Görüşdə İ.Abasov aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib. Aqrar sahənin inkişafının hökumətin iqtisadi siyasətinin və qeyri-neft sektorunun inkişafının prioritet istiqaməti olduğunu qeyd edən nazir bu sahəyə göstərilən dövlət dəstəyi, o cümlədən müxtəlif kənd təsərrüfatı istehsal vasitələrinə subsidiyalar, birbaşa və dolayısı yolla təmin edilən dəstək, güzəştli kreditlər sayəsində son illər ərzində sahənin ildə orta hesabla 6 faiz olmaqla dinamik inkişafının təmin edildiyini bildirib. O, aqrar sahədə həmçinin kompleks tədbirlər nəticəsində bu ilin 5 ayı ərzində kənd təsərrüfatının ümumi məhsulunun 5,2% artdığı, bitkiçilik və heyvandarlıq sahələrində artımın müvafiq olaraq 9,6% və 4,7% təşkil etdiyini diqqətə çatdırıb.
M.Çiliyev İnquşetiyada kənd təsərrüfatının inkişafı üçün münbit torpaq-iqlim şəraitinin və bu sahəyə investisiya qoyuluşu üçün zəruri hüquqi bazanın mövcud olduğunu bildirib. O, İnquşetiyada azərbaycanlılardan ibarət icmanın yaşadığını qeyd edərək, ölkəsində Azərbaycana aid investisiya layihələrinin həyata keçiriləcəyi təqdirdə, onların cəlb olunmasının mümkünlüyünü vurğulayıb.
İ.Abasov 2011-ci ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və İnquşetiya Respublikası (Rusiya Federasiyası) Hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında saziş”in müvafiq müddəaları əsasında tərəflərin təsərrüfat subyektləri və iş adamları arasında birbaşa əlaqələrin yaradılmasının vacibliyini qeyd edib.