Bakı - APA-Economics. Bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Macarıstanın Kənd İnkişafı Nazirliyinin dövlət katibi Qyula Budainin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, nazir İsmət Abasov Azərbaycanda həyata keçirilən aqrar siyasət, dövlətin fermer və sahibkarlara göstərdiyi qayğıdan söhbət açıb, Macarıstanın iş adamları üçün Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycanla Macarıstan arasında aqrar sahədə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. İsmət Abasov eyni zamanda keçirilən beynəlxalq tədbirlər çərçivəsində macarıstanlı həmkarı ilə səmimi görüşlərini xatırlayaraq, aqrar sahənin inkişafı ilə bağlı fikir mübadiləsinin apardığını nəzərə çatdırıb.
Macarıstan Kənd İnkişafı Nazirliyinin dövlət katibi Qyula Bduani səmimi qəbula görə minnətdarlığını bildirərək, bu gün Azərbaycan-Macarıstan kənd təsərrüfatı və Ərzaq sənayesi üzrə İşçi Qrupunun birinci iclasının daha məhsuldar keçdiyini qeyd edib, nazir İsmət Abasovu bu ilin sentyabr ayında Budapeşt şəhərində keçiriləcək Kənd Təsərrüfatı Sərgisinə dəvət edib.
Macarıstan nümayəndə heyəti sabah “Milk-Pro” müəssisəsinin fəaliyyəti ilə tanış olacaq və Bakı Biznes Mərkəzində biznes-forumda iştirak edəcək.
Görüşdə Macarıstanın Azərbaycandakı səfiri cənab Jolt Çutora iştirak edib.