Bakı - APA-Economics. Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti 36-cı Ümumdünya Üzüm və Şərab Konqresində və Beynəlxalq Üzüm və Şərab Təşkilatının XI Baş Assambleyasında iştirak etmək məqsədilə iyunun 2-7-də Rumıniyada səfərdə olacaq.
Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir İsmət Abasov səfərin ilk günü Buxarest şəhərində yerləşən Heydər Əliyev Xiyabanını ziyarət edib, ümummilli liderin heykəli önünə əklil qoyub.
İyunun 3-də İ.Abasov 36-cı Ümumdünya Üzüm və Şərab Konqresinin rəsmi açılışında iştirak edib. Açılışda müxtəlif ölkələrin üzümçülük və şərabçılıq üzrə yüksək vəzifəli şəxsləri, elm, tədqiqat və təhsil sahələrinin, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.
Təşkilatın baş direktoru Federiko Kastelluççi öz çıxışında Konqresdə iştirakına görə Azərbaycan hökumətinə xüsusi təşəkkürünü bildirib.
Avropa Komissiyasının kənd təsərrüfatı və kənd yerlərinin inkişafı üzrə komissarı Daçian Çioloş nazir İsmət Abasovla söhbəti zamanı onun tədbirdə iştirakını çox yüksək qiymətləndirdiyini vurğulayıb. D.Çioloş kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlərin çox önəmli olduğunu qeyd edib və Azərbaycanın regionun ərzaq təhlükəsizliyinin təmin edilməsindəki roluna görə ölkə rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Daha sonra İ.Abasov Beynəlxalq Üzüm və Şərab Təşkilatının Prezidenti xanım Klaudia İnes Quini və təşkilatın baş direktoru Federiko Kastelluççi ilə görüş keçirib. Nazir Azərbaycanda üzüm və şərab sektorunun inkişafına son dövrlərdə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə Azərbaycan prezidenti tərəfindən 15 dekabr 2011-ci ildə “2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı”nın qəbul edilməsi barədə məlumat verib. O, Azərbaycanda üzümçülük və şərabçılığın qədim ənənəyə və potensiala malik olduğunu, bu potensialın reallaşdırılmasında təşkilatla əməkdaşlığın önəmli olduğunu qeyd edib. İ.Abasov həmçinin Azərbaycanda üzümçülük və şərabçılıq sahəsində beynəlxalq standartların daha yaxından tətbiq edilməsində təşkilatın texniki dəstəyinə ümid etdiyini bildirib.
Beynəlxalq Üzüm və Şərab Təşkilatının prezidenti Azərbaycanın bu təşkilata üzvlük təşəbbüsünü yüksək qiymətləndirərək, 2012-ci ildə Gəncə şəhərində keçirilmiş 1-ci Beynəlxalq Şərab Festivalını məmnunluqla xatırlayıb və bu kimi tədbirlərin Azərbaycanda sahənin təşviqi üçün vacib əhəmiyyətə malik olduğunu bildirib. O, həmçinin 2013-cü ildə keçirilməsi planlaşdırılan 2-ci Beynəlxalq Şərab Festivalı fikrini alqışlayıb və bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün təşkilat tərəfindən tələb olunan zəruri dəstəyin təmin ediləcəyini qeyd edib.
Səfər çərçivəsində nazir İsmət Abasovun bir sıra rəsmi şəxslərlə, o cümlədən iyunun 5-də Rumıniyanın kənd təsərrüfatı və kəndin inkişafı naziri ilə görüşü nəzərdə tutulur.