Bakı - APA-Economics. Azərbaycan nümayəndə heyəti Beynəlxalq Epizootiya Təşkilatının nümayəndələrinin Ümumdünya Assambleyasının mayın 26-31-də keçirilən 81-ci baş sessiyasında iştirak etmək məqsədilə Parisdə səfərdədir. Kənd təsərrüfatı naziri İsmət Abasovun rəhbərlik etdiyi nümayəndə heyəti səfər çərçivəsində Beynəlxalq Atçılıq Federasiyasının prezidenti, Beynəlxalq Epizootiya Təşkilatının xoşməramlı səfiri, İordaniya kral ailəsinin nümayəndəsi Şahzadə Haia əl Hüseyn ilə görüşüb. Nazir İ.Abasov ölkə rəhbərliyi və İordaniyanın kral ailəsi arasında səmimi dostluq münasibətlərinin olduğunu qeyd edərək, bu münasibətlərin bütün sahələrdə əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını bildirib.
Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, həmçinin İ.Abasov Əlimardən bəy Topçubaşovun vaxtı ilə Parisdə yaşadığı evin qarşısında xatirə lövhəsinin açılışında iştirak edib.
Səfər çərçivəsində İ.Abasov Beynəlxalq Epizootiya Təşkilatının prezidenti xanım Karin Şvabenbauer ilə görüşüb, Azərbaycanda baytarlıq sahəsində həyata keçirilən qanunvericilik və institusional islahatlar barədə məlumat verib, bu sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı beynəlxalq donorlarların fəaliyyəti, o cümlədən Avropa Birliyinin «Kənd təsərrüfatı və kənd ərazilərinin inkişafına dəstək» adlı büdcəyə yardım layihəsi haqqında qarşı tərəfi məlumatlandırıb. Xanım K.Şvabenbauer Azərbaycanda baytarlıq sahəsində həyata keçirilən islahatlardan məmnunluğunu ifadə edib, bu prosesin gücləndirilməsi məqsədilə rəhbərlik etdiyi təşkilat tərəfindən lazımi dəstəyin göstərilməsinə hazır olduğunu qeyd edib.
Səfər davam edir.