Bakı – APA-Economics. Bu il ərzində Azərbaycanda yaşıl noxud sahələrindən bol məhsul gözlənilir.
«Azərsun Holndinq»dən «APA-Economics»ə verilən məlumata görə, yaşıl noxud son vaxtlar dünyada araşdırılaraq faydalılığı daha da aşkarlanan qida məhsuludur. Bu məhsul tədqiq olunduqca vitamin, lif və minerallarla da zəngin olduğu meydana çıxır.
İnsanları qida rasionun daxil olan bu məhsul artıq Azərbaycanda da yetişdirilir. «Azərsun Holdinq»in nəzdində fəaliyyət göstərən «Azərsun» kənd təsərrüfatı müəssisəsi tərəfindən yüzlərlə hektar ərazidə yaşıl noxud becərilir ki, hər hektardan 6-7 ton məhsul əldə edilir. Əldə olunan məhsul birbaşa tarladan toplanaraq əkin sahəsi ilə qonşuluqda yerləşən Biləsuvar Konserv Zavodunda qablaşdırılır və təzə-tər şəkildə istehlakçılara təklif olunur. Zavoddan verilən məlumata görə, bu il ərzində də yüksək məhsuldarlıq gözlənilir.
Qeyd edək ki, insan orqanizminə faydalı vitaminlərlə zəngin olan yaşıl noxud məhsulunda C, E, B1, B2, B3 və B6 vitaminləri və sink mineralları ilə zəngindir. Tədqiqatçıların aşkarladığı maraqlı faktlardan biri də odur ki, bir insan gündə 137 qram yaşıl noxud yeyərsə orqanizminin C vitamininə olan ehtiyacının 32%-ni, K ehtiyacının 44%-ni və sink mineralına olan ehtiyacının da 11%-ni qarşılayar. Bütün bunlarla yanaşı, yaşıl noxud, insanı diabet, qan xərçəngi, mədə-bağırsaq xəstəliklərinə yoluxmaqdan qoruyur. Həmçinin, qaraciyərin və ürəyin işləməsini tənzimləyir.
Xatırladaq ki, ölkədə tam təbii üsullarla yetişdirilən yaşıl noxud təbii gübrə ilə becərilir. Mövsümdə əldə edilən məhsul Biləsuvar Konserv Zavodunda konservləşdirilir və istehlakçıların istifadəsinə verilir. Zavoda istehsal olunan yaşıl noxud dükanlarda «Bizim tarla» markası ilə istehlakçılara təqdim olunur.