Bakı - APA-Economics. Azərbaycanın aqrar sektorunda Dünya Bankının dəstəyi ilə reallaşacaq yeni layihənin detalları bu gün kənd təsərrüfatı naziri İsmət Abasovun Dünya Bankının “Kənd təsərrüfatının rəqabətliliyinin gücləndirilməsi” layihəsi üzrə qiymətləndirmə missiyası ilə görüşündə müzakirə edilib.
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, görüşdə Azərbaycan hökumətinin Dünya Bankı ilə 17 il ərzində əməkdaşlıq etdiyini və aqrar sahənin inkişafı ilə bağlı Dünya Bankı tərəfindən həyat keçirilən layihələrin əhəmiyyətini vurğulayan nazir yeni layihənin hazırlanması ilə əlaqədar Dünya Bankı və yerli mütəxəssislərin əldə etdikləri nailiyyətlərdən məmnun olduğunu bildirib. Nazir layihədə görülən fəaliyyətlərin hamısının əhəmiyyətli olduğunu, layihənin tətbiqi dövründə bəzi fəaliyyətlər üzrə görüləcək işlərin həcmini artırmaq və ortaya çıxan digər problemlərin də həllinə nail olunacağını qeyd edib.
Nazir İsmət Abasov yeni layihədə baytarlıq subkomponenti çərçivəsində müəyyən tədbirlərin həyata keçirilməsini məqsədəuyğun hesab edib.
Dünya Bankının Azərbaycan üzrə nümayəndəsi Larisa Leşenko yeni təqdim olunmuş layihənin əvvəlki layihənin davamı olduğunu, hər komponent üzrə ciddi fikir mübadiləsinin aparıldığını qeyd edib. DB nümayəndəsi layihənin həyata keçirilməsi ilə bağlı Avropa İttifaqı və digər maliyyə qurumları ilə qrant vəsaitlərinin səfərbərliyi məsələlərini müzakirə etdiyini vurğulayaraq, gələcəkdə bu layihənin Azərbaycan xalqı üçün dəyərli olacağını bildirib.