Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, iyun 19-da nazir İsmət Abasov FAO-nun baş direktoru cənab Joze Qratsiano da Silva ilə görüş keçirib.
Təşkilatın baş direktoru ötən il aprelin 17-20-də Bakı şəhərində keçirilmiş FAO-nun 28-ci Avropa Regional Konfransında iştirak etmək məqsədilə ölkəmizə səfərini və səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq, ölkə başçısının FAO ilə əməkdaşlığın yeni müstəvidə davam etdirilməsi üzrə siyasi iradəsini çox yüksək qiymətləndirdiyini qeyd edib. O, həmçinin Bakıda keçirilmiş konfransın açılışında ölkə başçısının şəxsən iştirak etməsinin kənd təsərrüfatı sahəsinin inkişafına və bu sahədə beynəlxalq inteqrasiyaya Azərbaycanda ən yüksək səviyyədə önəm verilməsinin FAO üçün təqdirəlayiq olduğunu bildirib.
FAO-nun baş direktoru nazir İsmət Abasovu ölkəmizin 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək “aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə vaxtından tez nail olması münasibətilə təbrik edib.
Nazir İsmət Abasov Avropa Regional Konfransının sədri qismində Avropa regionu üzrə prioritetləri qarşı tərəfin diqqətinə çatdırıb. Təşkilatın baş direktoru regional prioritetlərin ölkə, təşkilat və qlobal səviyyədə prioritetlərlə uzlaşdırılmasının vacibliyini vurğulayıb.
Görüş zamanı tərəflər arasında həmçinin ölkəmizin FAO ilə əməkdaşlığının mümkün yeni istiqamətləri müzakirə olundu. Nazir İsmət Abasov kənd təsərrüfatı sahəsi ilə yanaşı, sosial və mədəni sahələrdə layihələrin əsasən daxili maliyyə vəsaitləri hesabına maliyyələşdirildiyini bildirib. Təşkilatın baş direktoru bu kontekstdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi sosial və mədəni layihələrdən məlumatlı olduğunu bildirib. FAO-nun baş direktoru Heydər Əliyev Fondu ilə rəhbərlik etdiyi təşkilat arasında sosial yönümlü layihələr üzrə mümkün əməkdaşlıq sahələrinin müzakirə edilməsi məqsədilə Mehriban Əliyevanın Roma şəhərinə dəvət edilməsi təşəbbüsünü irəli sürüb və FAO-nun rəsmi dəvət məktubunu nazir İsmət Abasova təqdim edib.
Nazir İsmət Abasov Azərbaycan vətəndaşlarının FAO-ya işə götürülməsi və təşkilatda təmsilçiliyimizin qənaətbəxş olmaması məsələsinə diqqət çəkərək, soydaşlarımızın bu təşkilata işə qəbul olunması üçün bərabər şərtlərin yaradılmasının vacibliyini FAO baş direktorunun diqqətinə çatdırıb. Qarşı tərəf nazir İsmət Abasovun fikrinin düz olduğunu etiraf edib və bu statusun müsbət istiqamətdə dəyişdirilməsi istiqamətində tədbirlər görəcəyini vəd edib.
FAO-nun baş direktoru ilə görüşdən sonra nazir İsmət Abasov təşkilatın müraciəti əsasında FAO müxbirlərinə müsahibə verib. Öz müsahibəsində nazir İsmət Abasov BMT-nin Minilliyin İnkişaf Məqsədlərinə və Dünya Ərzaq Sammitinin məqsədlərinə nail olmanın ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış dövlət proqramlarından irəli gələn məsələlərin uğurlu həlli sayəsində mümkün olduğunu bildirib. O, həmçinin Azərbaycanın milli, regional və qlobal səviyyələrdə ərzaq təhlükəsizliyinin təmin olunmasına bundan sonra da öz töhfəsini verməyə hazır olduğunu bildirib.
Səfər çərçivəsində həmin gün nazir İsmət Abasov Türkiyənin qida, kənd təsərrüfatı və heyvandarlıq naziri Mehmet Mehdi Ekerlə görüşüb. Səmimi şəraitdə keçən görüşdə tərəflər iki ölkə arasında bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrindən məmnunluğunu ifadə ediblər.
Görüşlərdə Azərbaycanın İtaliyadakı səfirliyinin ikinci katibi, Roma şəhərində yerləşən beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndənin müavini Fuad Fərzəlibəyov da iştirak edib.
Səfər davam edir.