Kənd Təsərrüfatı Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə finlandiyalı nazir Azərbaycanın iqtisadi nailiyyətlərinin və regionun aparıcı ölkələrindən birinə çevrilməsinin öz ölkəsində işgüzar dairələrin nümayəndələrində və iş adamlarında maraq yaratdığını qeyd edərək, görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sahəsində xarici investorlar üçün biznes imkanları və ümumilikdə bu sahədəki durumla maraqlanıb.
Öz növbəsində İ.Abasov Azərbaycanın torpaq-iqlim şəraiti, kənd təsərrüfatı sahəsindəki vəziyyət, aqrar sahədə özəl bölmənin dəstəklənməsi məqsədilə dövlət tərəfindən göstərilən yardımlar barədə məlumat verib. İ.Abasov kənd təsərrüfatı sahəsinin hazırda yalnız iqtisadi sahə kimi deyil, sosial və siyasi sahə kimi nəzərdən keçirildiyini və çoxsahəli səciyyəsinə görə daim dövlət başçısının diqqətində olduğunu bildirib. Eləcə də görüşdə Azərbaycanda 2020-ci ilədək uzunmüddətli inkişaf strategiyası kontekstində qeyri-neft sektorunun inkişafının prioritetliyi, kənd təsərrüfatı sahəsində son illər baş vermiş sabit artım tempi və sahənin potensial imkanları barədə qarşı tərəfə məlumat verilib.
Daha sonra Azərbaycanda iribuynuzlu mal-qara və südçülük sahəsinə investisiya yatırılması imkanları barədə də fikir mübadiləsi aparılıb. Nazir İ.Abasov Azərbaycanda kənd təsərrüfatı heyvanlarının cins tərkibinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər, süni mayalama proqramları haqqında öz həmkarına məlumat verməklə yanaşı, ölkəmizdə südçülük sahəsində məhsuldarlığın artırılması üçün Finlandiya tərəfinin təcrübəsinin və bu sahədə əməkdaşlığın maraq kəsb etdiyini bildirib.
Görüşdə həmçinin Finlandiya istehsalı olan və Azərbaycanda fermerlər tərəfindən artıq tətbiq olunan «Sampo Rosenlyu» taxılyığan kombaynlarının ölkəmizdə tətbiqinin genişləndirilməsi imkanları müzakirə olunub.
Y.Koskinen azərbaycanlı həmkarını 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan 2015-ci ilədək «aclığın yarıya qədər azaldılması»na və 1996-cı ildə Romada keçirilmiş Dünya Ərzaq Sammitində qəbul olunmuş 2015-ci ilədək «kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması» üzrə məqsədə vaxtından tez nail olması ilə əlaqədar Azərbaycana verilən mükafat münasibətilə təbrik edib.
Səfər zamanı İ.Abasov FAO-nun əsas idarəetmə orqanlarından biri olan Şuranın üzvlərinin və Şuranın müstəqil sədrinin seçilməsi məqsədilə səsvermədə də iştirak edib.
Bununla da İ.Abasovun Romaya səfəri başa çatıb.