Bakı – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir qonağı səmimi salamlayaraq, yeni təyinatı münasibətilə təbrik edib və Azərbaycandakı gələcək fəaliyyətdə uğurlar arzulayıb.
İ.Abasov ölkələrimizi ortaq tarixi, dini və mədəni dəyərlərin birləşdirdiyini, bunun isə öz növbəsində möhkəm əməkdaşlıq üçün yaxşı zəmin yaratdığını qonağın diqqətinə çatdırıb. O, Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun İranın Kərəc şəhərindəki Elmi-Tədqiqat Toxum və Bitki Seleksiyası İnstitutunun alimləri ilə sıx əməkdaşlıq əlaqələrindən söhbət açıb. Nazir Azərbaycan Dövlət Aqrar Universitetində İrandan gəlmiş 2 nəfərin kənd təsərrüfatının mexanikləşdirilməsi üzrə namizədlik, 2 nəfərin isə baytarlıq elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etdiyini vurğulayıb, həmçinin azərbaycanlı alimlərin kənd təsərrüfatına dair 10-dan çox elmi əsərinin İranda çap olunduğunu, bir dərsliyin fars dilinə tərcümə olunaraq kütləvi tirajla çap edildiyini qeyd edib. Bu qısa məlumat bir daha kənd təsərrüfatı sahəsində əməkdaşlığın müəyyən nəticələr verdiyini və iki ölkələrin qonşuluq münasibətlərinin genişləndirilməsi üçün böyük potensialının mövcudluğunun göstəricisidir.
Nazir respublikada kartof, buğda, şəkər çuğunduru və qarğıdalı sortlarının standartlara uyğun ilkin toxumçuluğu üzrə müştərək müəssisələrin qurulması, damazlıq işinin təşkili, sərhədyanı bölgələrdə kənd təsərrüfatı bitkilərinin zərərvericiləri, heyvanların yoluxucu xəstəlikləri ilə birgə mübarizə və digər istiqamətlərdə əməkdaşlığa geniş imkanlar olduğunu nəzərə çatdırıb.
Səfir Möhsün Pak Ayin səmimi qəbula görə təşəkkürü bildirərək, fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini və bunun üçün böyük potensial imkanların olduğunu bildirib.
Sonda aqrar sahədə əməkdaşlığın daha da inkişaf etdirmək məqsədilə səfir Möhsün Pak Ayin nazir İsmət Abasovu İran İslam Respublikasına, İsmət Abasov isə iranlı həmkarı Sadeq Xalilianı Azərbaycana dəvət edib.