Bank Of Baku

İsmət Abbasov: “İri fermer təsərrüfatlarının yaradılması məhsul bolluğuna səbəb olacaq”

İsmət Abbasov: “İri fermer təsərrüfatlarının yaradılması məhsul bolluğuna səbəb olacaq”
# 11 yanvar 2013 16:21 (UTC +04:00)

Bakı. Əli Əhmədov-APA-Economics. 2012-ci ildə Azərbaycanın kənd təsərrüfatında baş verən ən mühüm yenilik iri fermer təsərrüfatlarının yaradılması olub. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov verib.

 

“Məndən ötən il bizim sahədə baş verən ən mühüm hadisəni soruşsanız deyə bilərəm ki, bu iri fermer təsərrüfatlarının yaradılmasına başlanmasıdır”, - deyən nazir bildirib ki, ötən ilin sonunda Ağcabədi və Beyləqan rayonları ərazisində sahəsi 4800 hektar olan ilk iri fermer təsərrüfatı yaradılıb.

 

Nazir bildirib ki, iri fermer təsərrüfatlarının yaradılması ilk növbədə əkin dövriyyəsinə yeni torpaq sahələrinin daxil olmasına, yəni qışlaqların əkin sahələrinə çevrilməsinə səbəb olur bununla da ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı artır. Digər tərəfdən iri fermer təsərrüfatlarının yaradılması burada aqrar sahənin daha savadlı və aqrotexniki qaydalara əməl olunmaqla inkişafına, bu təsərrüfatlarda məhsuldarlığın artmasına kömək edəcək: «İri təsərrüfatlarda aqronom, zootexnik və digər mütəxəssislərə tələbatın artması bu sahədə yeni iş yerlərinin yaranmasına, eləcə də bu sahədə təhsil inkişafına və kənd təsərrüfatı universitetinə gənclərin marağının yüksəlməsinə səbəb olacaq”.

 

Nazir bildirib ki, belə təsərrüfatların yaradılması və uğurla inkişaf etməsi, eləcə də belə təsərrüfatlara dövlət dəstəyinin olması digər kiçik fermerləri, o cümlədən pay torpağı sahiblərini də torpaq sahələrini birləşdirərək iri təsərrüfat yaratmağa və bu sahə ilə daha peşəkar məşğul olmağa həvəsləndirəcək.

 

Növbəti təsərrüfatın yaradılması üçün isə Şəkidə 5560 hektar torpaq sahəsi ayrılıb. Nazir bildirib ki, ölkə başçısının tapşırığı ilə qarşıdakı 3 il ərzində, 2013-2015-ci illərdə ölkədə 50 iri fermer təsərrüfatı yaradılmalıdır: «Dövlət başçısının tapşırığı ilə 2020-ci ilədək Azərbaycanda Ümumi daxili məhsul qeyri-neft sektorunun hesabına 2 dəfə artmalıdır. Aqrar sahə qeyri-neft sektorunun əsas sahələrindən biri olduğuna görə, iri təsərrüfatların yaradılması məhsul bolluğunun yaradılmasına, məhsulun maya dəyərinin aşağı düşməsinə və fermerlərin gəlirlərinin artmasına imkan verəcək».

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR