Bakı – APA-Economics. Bu gün Kənd Təsərrüfatı Nazirliyində nazir İsmət Abasovun rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, komissiyanın sədri, kənd təsərrüfatı naziri İsmət Abasov qeyd edib ki, Nazirlər Kabinetinin 15 fevral 2007-ci il tarixli 32 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Nazirlər Kabinetinin 13 iyun 2008-ci il tarixli 135 nömrəli qərarlarının icrasına uyğun olaraq 2012-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin güzəştli qiymətlə satışı və onların dəyərinin 50%-nin dövlət vəsaiti hesabına ödənilməsi üçün satıcı təşkilatlardan və rayon komissiyalarından sənədlərin daxil olması davam edir.
Komissiya 9 satıcı təşkilat, o cümlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “İ.E.R.” MMC, “Azər Şəkər” İstehsalat Birliyi, “MKT İK” MMC, “Aqro Nur” MMC, “Aqrolayn Qrup” MMC və “CTS Aqro” MMC və “Mikro Az Feed” MMC üzrə 11 422 nəfər istehsalçıya 68 265,15 hektara görə 50% güzəştlə satılmış 11 860,7 ton mineral gübrə üçün 2,917 mln. manat dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi barədə qərar qəbul edib.