Bu il Azərbaycanda 2,7-2,8 milyon ton taxıl tədarükü proqnozlaşdırılır
Bakı. Əli Əhmədov-APA-Economics. “Azərbaycan bir-iki ilə özünü ərzaq buğdası ilə tam təmin edəcək”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.
Onun sözlərinə görə, hələlik Azərbaycan özünü ərzaq buğdası ilə tam təmin etmədiyinə görə çatışmayan hissəni xarici ölkələrdən, o cümlədən Qazaxıstandan alır. Bu məsələ Qazaxıstanın baş nazirinin müavini Krımbek Kuşerbayevin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya bir neçə gün əvvəlki səfərində də müzakirə olunub və Qazaxıstan tərəfi bu təklifə müsbət yanaşıb.
Qazaxıstan tərəfi hətta gələcəkdə bununla bağlı dövlətlər arasında birgə müəssisənin yaradılması ideyasına dəstək verəcəklərini də bildiriblər. Lakin İ. Abasovun sözlərinə görə, belə müəssisənin yaradılmasına ehtiyac yoxdur: “Biz özümüz iri fermer təsərrüfatları yaradırıq və keyfiyyətli toxumlardan istifadə edirik, məhsuldarlığı artırırıq və dövlət başçısının tapşırığı ilə bir-iki ilə nəyin bahasına olursa-olsun, özümüzü ərzaq buğdası ilə təmin etməliyik”.
Nazirin sözlərinə görə, bu il Azərbaycanda 2,7-2,8 milyon ton taxılın tədarük olunacağı gözlənilir.