Bank Of Baku

Kənd təsərrüfatı naziri İsmət Abasov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Kənd təsərrüfatı naziri İsmət Abasov İsrailin Azərbaycandakı səfiri ilə görüşüb
# 12 avqust 2013 15:49 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün kənd təsərrüfatı naziri İsmət Abasov İsrailin Azərbaycandakı səfiri Rafael Harpazla görüşüb.

 

Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşün əsas məqsədi iki ölkə arasında kənd təsərrüfatı sahəsində inkişaf perspektivləri və gələcək əməkdaşlıq imkanlarının müzakirəsi olub.

 

Qonağı səmimi salamlayan nazir İsmət Abasov Heydər Əliyev tərəfindən əsası qoyulan iqtisadi inkişafın prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində aqrar sahədə əldə olunan nailiyyətlər, dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı haqqında ətraflı məlumat verib. İkitərəfli əməkdaşlıq əlaqələrindən danışan nazir qeyd edib ki, iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üzrə prioritetlərin əks olunduğu “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İsrail Dövlətinin Kənd Təsərrüfatı və Kəndin İnkişafı Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş” layihəsi tərəfimizdən hazırlanaraq aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınaraq son variantı yaxın günlərdə qarşı tərəfə təqdim olunacaq.

 

İsmət Abasov bildirib ki, 2010-2012-ci illərdə İsrail Dövlətindən “Aqrolizinq” ASC tərəfindən 750 hektarlıq 4 ədəd damcılı suvarma sistemi alınmışdır. Bu sistemlər Goranboy rayonunda 170 ha, Kürdəmir rayonunda 380 ha, Yevlax rayonunda 200 ha sahədə quraşdırılıb. 2011-2012-ci illədə “Aqrolizinq” ASC tərəfindən İsrailin Netafim şirkətindən  2 ədəd hər biri 2 hektarlıq istixana alınaraq Abşeron və Samux rayonlarında quraşdırılıb.

 

Nazir İsmət Abasov Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üzrə təkliflərini də nəzərə çatdırıb.

 

Səfir cənab Rafael Harpaz səmimi qəbula görə öz təşəkkürünü bildirib, bundan sonra da  Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında aqrar sahədə əlaqələrin daha da genişlənməsində öz səylərini əsirgəməyəcəyini söyləyib, nazir İsmət Abasova bu ilin oktyabr ayında İsraildə keçiriləcək kənd təsərrüfatı üzrə beynəlxalq “VATEC” sərgisinə dəvət məktubunu təqdim edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR