Şamaxı. Elvin Yaqubov-APA. Avqustun 16-da kənd təsərrüfatı naziri İsmət Abbasov Şamaxı rayonunda vətəndaşları qəbul edib. APA-nın məlumatına görə, nazir İsmət Abbasov görüşdən əvvəl Şamaxı rayonunda fəaliyyət göstərən bir neçə fermer təsərrüfatına baş çəkib. Nazir üzümçülük və heyvandarlıqla məşğul olan fermerlərlə görüşüb, onların istehsal etdiyi məhsullarla tanış olub. Nazir qəbul zamanı Ağsu, Şamaxı, Qobustan, İsmayıllı, Abşeron və Qəbələ rayonunda yaşayan 60-a yaxın vətəndaşın müraciətinə baxıb, ərizə, şikayət və təkliflərini dinləyib, qaldırılan məsələlərin həll edilməsi üçün qəbulda iştirak edən müvafiq struktur rəhbərlərinə tapşırıqlar verib. Qəbulda güzəştli kreditlərin alınması, heyvandarlıq sahəsində subsidiyanın tətbiqi, güzəştli kreditin müddətinin uzadılması və taxıl biçini zamanı kombayn çatışmazlığı, subsidiyaların birləşdirilərək ildə bir dəfə verilməsi və verilmə mexanizminin sadələşdirilməsi, süni mayalama ilə alınan buzov və balaqlara subsidiyaların verilməsi və digər məsələlərlə bağlı müraciətlər öz əksini tapıb.
Görüşdə arıçılığın, bağçılığın və tingçiliyin inkişaf etdirilməsi üçün güzəştli kreditlərin ayrılması, şoranlaşmış torpaqların və sel suları nəticəsində dağılmış suvarma arxlarının yenidən bərpası, meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutma və emalı sexinin yaradılması, soyuducu kameralar vasitəsilə məhsulun saxlanılmasına, təchizatına və satışına köməklik edilməsi kimi təkliflər də səsləndirilib.
Görüşdə kənd təsərrüfatı naziri İsmət Abbasovla yanaşı nazirliyin idarə və təşkilatlarının, tabeli qurumların rəhbərləri iştirak edib. Nazir hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun qısa müddət ərzində həll edilməsi barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Nazir qəbul zamanı mobil telefon və skype vasitəsilə müvafiq qurumların rəhbərlərinə zəng edərək vətəndaşların müraciətlərinə tezliklə baxılmasını təmin edib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Qəbulda aidiyyəti üzrə olmayan digər müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.