Bakı - APA-Economics. Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov Heydər Əliyevin Azərbaycanın tarixindəki xidmətlərindən danışaraq respublikada MDB məkanında analoqu olmayan aqrar islahatların həyata keçirildiyini, onun hüquqi-normativ bazasının yaradıldığını, aqrar sahəyə xarici investisiyaların cəlb olunmasını tədbir iştirakçılarının nəzərinə çatdırıb və bildirib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan aqrar siyasət hazırda dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İ.Abasov qeyd edib ki, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətləri özünü hələ sovet dövründə göstərib: «Ötən əsrin 70-ci illərində təkcə bol nefti və pambığı ilə deyil, soyuducuları və kondisionerləri ilə də tanınan Azərbaycan əsrin sonunda Heydər Əliyevin sayəsində ən irimiqyaslı iqtisadi layihələrin təşəbbüsçüsü və iştirakçısına çevrilib».
Nazir vurğulayıb ki, 1993-cü ildə Heydər Əliyev yenidən hakimiyyətə qayıdanda ölkənin iqtisadiyyatı tənəzzülə uğramışdı: «Zavod-fabriklər işləmir, qeyri-sabitlik isə xarici investorları ölkəyə gəlməkdən çəkindirirdi. Belə bir vəziyyətdə Heydər Əliyev Azərbaycanda sosial-iqtisadi inkişaf üzrə strategiyanı həyata keçirməyə başladı. 1995-ci ildən etibarən ölkədə makro-iqtisadi sabitlik yarandı».
Heydər Əliyevin həyat və fəaliyyətindən, eləcə də kənd təsərrüfatı sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan digər çıxış edənlər də vurğulayıblar ki, məhz Heydər Əliyevin rəhbərliyi zamanı ölkədə aqrar islahatların, özəlləşdirmənin, neft strategiyasının, sahibkarlığın, qeyri-neft sektorunun inkişafının təməli qoyulub. Nəticədə ölkədə iqtisadiyyatın inkişafında sabitlik yaranıb, artım, büdcə-vergi və pul-kredit siyasətində tarazlıq əldə olunub, inflyasiyanın səviyyəsi minimuma endirilib.
Tədbirdə müəllifi nazir İ.Abasov olan və Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş «Azərbaycanın və dünya ölkələrinin kənd təsərrüfatı» kitabının təqdimatı keçirilib. Kitabda Heydər Əliyevin Azərbaycanın kənd təsərrüfatı sahəsində apardığı islahatlardan, prezident İlham Əliyevin həmin yolu ləyaqətlə davam etdirməsindən, ərzaq təhlükəsizliyindən, ölkənin aqrar sahədə beynəlxalq əməkdaşlıq məsələlərindən, 50-dək xarici ölkənin kənd təsərrüfatının ümumi xarakteristikasından, respublikanın kənd təsərrüfatına aid dövlət proqramlarından bəhs olunur. 6 fəsildən ibarət olan kitab aqrar sahə mütəxəssisləri, tələbələr və elmi-tədqiqat işçiləri, eyni zamanda bu sahə ilə maraqlananlar üçün faydalı olacaq.