Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin mart ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1%, o cümlədən çoxillik bitkilərin istehsalçı qiymətləri 0,7%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri 2,3% bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri isə 0,4% ucuzlaşıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 1,4%, kartofun 0,2%, göyərtilərin 0,7%, pomidorun 0,5%, balqabağın 3,1%, baş sarımsağın 0,1%, quru otun 3,2%, yoncanın istehsalçı qiymətləri 0,8% ucuzlaşıb, arpanın istehsalçı qiymətləri 0,7%, kələmin 2,1%, xiyarın 0,8%, baş soğanın 0,1%, cəfərinin istehsalçı qiymətləri isə 4,5% bahalaşıb.
Çoxillik bitkilərdən limonun istehsalçı qiymətləri 1,2%, naringinin 6,7%, almanın 2,7%, şabalıdın 3,2%, fındığın istehsalçı qiymətləri 1% bahalaşıb, qozun istehsalçı qiymətləri isə 1,1% ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,7%, təbii balın istehsalçı qiymətləri 1,2% ucuzlaşıb: «Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 1%, camışın 0,6%, diri qoyun və keçilərin 0,8%, qazın 0,5%, qoyun ətinin (diri çəkidə) 0,7%, quş ətinin (diri çəkidə) 3,2%, südün 1,6%, yumurtanın istehsalçı qiymətləri isə 5,7% bahalaşıb».
Balıq və sair balıqçılıq məhsullarından diri balığın istehsalçı qiymətlərində 0,8% ucuzlaşma müşahidə olunub.