Bakı. Ramil Məmmədli – APA-Economics. “Fermerlərə subsidiyaların verilməsi prosesində nöqsanlar var”. “APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abasov deyib.
İ.Abasov bildirib ki, ölkə prezidentinin regionların sosial-iqtisadi inkişafı proqramı ilə bağlı keçirdiyi tədbirdən sonra baş tutan kollegiya iclasında nöqsanların aradan qaldırılması üçün komissiya yaradılıb: “Bütün rayon icra başçılarına nazirlik adından müraciət olunub. Müraciətdə göstərilib ki, subsidiyaların verilməsi zamanı şəffaflıq tam təmin edilsin. Əlbəttə, burada müəyyən çatışmazlıqların olması və subsidiyaların məqsəddən kənar istifadə halları haqda məndə də məlumat var. Bunun qarşısının alınması məqsədilə dövlət komissiyasının sədri olaraq həm Nazirlər Kabinetinə, həm də Prezident Administrasiyasına müraciət etmişəm. Oradan müvafiq icra strukturlarına göstəriş verilib ki, subsidiyalarla bağlı hazırlanan sənədlər və bu proses tam şəffaf həyata keçirilsin”.
Nazir kənd təsərrüfatının inkişafı strategiyasının yenidən hazırlanması prosesinə start verildiyini də bildirib: “Bunun üçün yerli icra strukturları və fermerlərin fikrini öyrənmək niyyətindəyik. Artıq bununla bağlı yerlərə məlumatlar göndərilib. Fermer təsərrüfatlarından və yerli strukturlardan isə müəyyən təkliflər daxil olur. Məlumatlarla tanışlıq tam yekunlaşdıqdan sonra biz bunu geniş müzakirə edib kollegiya iclasına cıxaracağıq”.
İ.Abasov bölgələrin kənd təsərrüfatının istiqamətləri üzrə ixtisaslaşması məsələsinin də müzakirə mövzusu olduğunu deyib: “Bununla bağlı təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq”.