Bakı – APA-Economics. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Qəbələyə səfəri çərçivəsində “Aqro Kompleks Qəbələ” MMC-nin aqrar-sənaye kompleksinin açılışında iştirak edib.
“APA-Economics”in xəbərinə görə, dövlət başçısı əvvəlcə kompleksin inzibati binasında müəssisənin maketinə baxıb.
Dövlət başçısına məlumat verilib ki, Qəbələ rayonunun Vəndam kəndində yaradılan aqrar-sənaye kompleksinin ümumi sahəsi 20 hektardır. Kompleksin ümumi dəyəri 25 mln. manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən kompleksin inşasına 14 mln. manat güzəştli kredit verilib. Min başlıq südlük heyvandarlıq kompleksində “Simmental” cinsindən olan südlük-damazlıq inəklər bəslənilir. İnəklərdən gündə orta hesabla 25 litrədək 4-4,5% yüksək yağlılıq göstəricilərinə malik süd alınır. İlkin olaraq kompleksə Almaniyadan 640 baş “Simmental” cinsindən olan südlük-ətlik cins heyvanlar gətirilib və yerli iqlimə tam olaraq uyğunlaşdırılıb. Əlavə cins heyvanların gətirilməsi ilə bağlı artıq müqavilələr imzalanıb. Heyvanların yaxın vaxtlarda gətirilməsi nəzərdə tutulur. Aqrar-sənaye kompleksində 200-dən çox insan daimi işlə təmin olunub.
Prezident İlham Əliyev kompleksdə yaradılmış şəraiti yüksək qiymətləndirib, tapşırıq və tövsiyələrini verib.